Həkim:”Qara çayda olan kofein arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər”backend

Həkim:”Qara çayda olan kofein arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara çayda olan kofein arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər. Lakin mütəxəssisin sözlərinə görə, bu artım adətən cüzi olur və uzunmüddətli perspektivdə çayın tərkibindəki antioksidantlar damarların vəziyyətinə müsbət təsir göstərə bilər.

Editor.az xəbər verir ki, həkim-qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə, qara çay tərkibindəki kofein səbəbindən arterial təzyiqi qısa müddət ərzində təxminən 10–15 mm civə sütunu yüksəldə bilər. Bununla belə, bu təsir adətən müvəqqəti xarakter daşıyır.

Mütəxəssis bildirib ki, qara çayın tərkibində kofeinlə yanaşı, taninlər, katexinlər və flavonoidlər də var. Bu maddələr ürək-damar sisteminə müxtəlif təsirlər göstərə bilər.

Flavonoidlər damar divarlarının elastikliyinin qorunmasına, damar tonusunun dəstəklənməsinə və oksidləşdirici stressin azalmasına kömək edir. Kofein isə az miqdarda qəbul edildikdə ürəyin fəaliyyətini yüngül şəkildə stimullaşdıra və təzyiqi artıra bilər.

Həkimin sözlərinə görə, təzyiqi aşağı olan insanlar üçün tünd qara çay bəzi hallarda arterial təzyiqi daha sürətli yüksəltmək məqsədilə tövsiyə olunur. Lakin çayın həddindən artıq istehlakı mədə selikli qişasının qıcıqlanmasına səbəb ola bilər.

Belousov sağlam yetkin insanlar üçün gündə təxminən 2–3 fincan qara çayın normal qəbul edilə biləcəyini bildirib.

Onun sözlərinə görə, gündəlik kofein qəbulunun orta yuxarı həddi təxminən 400 mq təşkil edir ki, bu da təqribən dörd fincan standart qara çaya uyğun gəlir.

Eyni zamanda, hipertoniya, ürək ritm pozuntusu və digər ürək-damar problemləri olan şəxslərə çay istehlakını həkimlə müzakirə etmək tövsiyə olunur. Xüsusilə kofeinə həssaslığı olan insanlar daha az miqdarda qara çay içməlidirlər.

Mütəxəssis qeyd edib ki, çayın orqanizmə təsiri onun dəmlənmə müddətindən, suyun temperaturundan və çayın tündlüyündən də asılıdır. Daha tünd və kofein miqdarı yüksək olan çay arterial təzyiqi qısa müddətdə daha çox yüksəldə bilər.

Həkimin fikrincə, qara çayın orta miqdarda və müntəzəm istehlakı uzunmüddətli perspektivdə ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskinin azalmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, mütəxəssis mühüm bir məqama da diqqət çəkib: qara çay bəzi ürək və təzyiq dərmanları ilə qarşılıqlı təsir göstərə bilər. Kofein stimullaşdırıcı təsiri gücləndirə, çayın tərkibindəki flavonoidlər isə bəzi preparatların orqanizm tərəfindən mənimsənilməsinə təsir göstərə bilər.

Bu səbəbdən dərmanları çayla birlikdə qəbul etmək əvəzinə, onları su ilə içmək daha məqsədəuyğundur.

//Gülnarə Abasova, Editor.az