Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun şaxələndirilməsi və ölkənin təbii resurslarından daha səmərəli istifadə edilməsi istiqamətində yeni mərhələyə qədəm qoyulur. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bu baxımdan yalnız xammal hasilatının artırılması deyil, həm də həmin resursların ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaratması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev sentyabrın 22-də dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə çıxışı zamanı bu sektorun ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı proqram çərçivəsində həyata keçiriləcək layihələrin milyardlarla manat səviyyəsində ölçülə biləcəyini və gözlənilən illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olmalı olduğunu bildirib.
Bu yanaşma Azərbaycan üçün təbii sərvətlərin sadəcə hasil edilərək ixrac olunmasından daha çox, onların emalına, yeni sənaye zəncirlərinin formalaşdırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və qeyri-neft iqtisadiyyatında əlavə dəyərin artırılmasına hesablanmış siyasəti ön plana çıxarır. Prezidentin müşavirədə səsləndirdiyi fikirlərdən də görünür ki, qarşıdakı mərhələdə əsas hədəflərdən biri mineral resurs potensialının iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb edilməsi və xammaldan son məhsula qədər dəyər zəncirinin formalaşdırılmasıdır.
Bəs Azərbaycan bu potensialdan maksimum iqtisadi fayda əldə etmək, yeni istehsal sahələri yaratmaq və təbii sərvətləri daha yüksək əlavə dəyərə çevirmək üçün hansı istiqamətlərə üstünlük verməlidir?
Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olunub:
“Nəzərə alsaq ki, bu sektor qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur, eyni zamanda, sənayedə aparıcı sahədir. Xüsusən də 2025-ci ildə sözügedən sektorda 7 milyard manatlıq məhsul istehsal olunub.
Təbii ki, neft-qaz üzrə azalma qeydə alınıb. Belə ki, neft hasilatının azalması 2024-cü illə müqayisədə 2025-ci ildə istehsalın 38,2 milyard manatdan 33,3 milyard manatadək azalmasına gətirib çıxarıb. Amma qeyri-neft sektorunda xüsusi paya malik olan metal filizlərinin hasilatı 2025-ci ildə iki dəfə artıb və ötən il bu göstərici 730 milyon manatadək yüksəlib.
Eyni zamanda, dağ-mədən, metallurgiya və gələcəkdə mədənçıxarma sahəsində göstərilən xidmətlərin həcmində də artımlar qeydə alınıb. Çünki nəticə etibarilə mədənçıxarma sahəsində xidmətlər tərəfi artıb və 2025-ci ildə bu rəqəm 2,7 milyard manata çatıb.
Dövlət proqramının qəbul olunması ölkə iqtisadiyyatının və xüsusən də qeyri-neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, proqramın icrası nəticəsində 5000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur, eyni zamanda illik əlavə 1 milyard manatlıq yeni dəyər formalaşacaq ki, bu da ondan xəbər verir ki, yeni dövlət proqramı bütövlükdə iqtisadiyyatın və xüsusən də qeyri-neft-qaz sektorunun inkişafına xüsusi töhfə verəcək”.
// Gülnarə Abasova, Editor.az

