Elçin Xalidbəyli: “Ermənistanın keçmişi ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılmalıdır”backend

Elçin Xalidbəyli: “Ermənistanın keçmişi ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağda keçmiş separatçı rejimin fəaliyyəti, bölgədə törədilmiş cinayətlər və bu əməllərə görə məsuliyyət məsələsi beynəlxalq hüquq və siyasi müstəvidə əhəmiyyətini qoruyur. Bu istiqamətdə faktların sistemli şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunması Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, tarixi həqiqətlərin tanıdılması və separatizmə münasibətdə mövcud olan ikili standartların ifşa edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hüquqi əsaslara söykənən ardıcıl informasiya siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və ölkəmizə qarşı yönələn qərəzli yanaşmaların neytrallaşdırılmasına töhfə verə bilər. Mövzu ilə bağlı Editor.az-a danışan politoloq Elçin Xalidbəyli məsələnin beynəlxalq müstəvidə gündəmdə saxlanılmasının əhəmiyyətini dəyərləndirib.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın erməni separatçı-terrorçularının fəaliyyəti ilə bağlı bütün faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması olduqca önəmlidir:

“Bunun üçün ilk növbədə Azərbaycan ərazisində Ermənistanın işğal etdiyi bölgədə erməni separatçı-terrorçuların hər birinin törətdiyi hərbi və bəşəri cinayətlərin ayrı-ayrılıqda, detallı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir. Bu, ilk növbədə ermənipərəst qüvvələrin mövqeyini ciddi şəkildə zəiflədə bilər. Eyni zamanda, erməni diasporunun Azərbaycana qarşı apardığı böhtan kampaniyasının əhəmiyyətini də heçə endirə bilər.

Ən əsası isə Azərbaycana qarşı qərəzli mövqe tutan, böhtan xarakterli ittihamlar irəli sürən bəzi Qərb qurumlarının — Avropa Parlamenti kimi qurumların — nə qədər məntiqsiz, absurd və ikili standartlara əsaslanan mövqedən çıxış etdiyini ortaya çıxara bilər. Təbii ki, bütün bunlar Azərbaycanın qlobal məkandakı mövqelərinin daha da güclənməsinə səbəb ola bilər.

Rəsmi Bakı bu istiqamətdə müəyyən addımlar atır və yaxın gələcəkdə, yəqin ki, bu addımlar daha genişmiqyaslı xarakter alacaq. Əslində, erməni separatçı-terrorçuların hərbi cinayətləri barədə məlumatların yayılması prosesində Ermənistana rəhbərlik etmiş bəzi şəxslər haqqında da ətraflı məlumatların beynəlxalq məkanda yayılması vacibdir.

İlk növbədə Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın hərbi cinayətləri ilə bağlı məlumatların bütün dünyaya çatdırılması vacib addımlardan biri ola bilər. Bu baxımdan, Ermənistanın yalnız işğalçı dövlət deyil, həm də terrorçu dövlət olduğunun bütün dünyaya sübut edilməsi gələcəkdə ermənilərin və Ermənistanın qlobal məkandakı mövqeyinə, eyni zamanda, imicinə sarsıdıcı zərbələr vura bilər. Bu da Azərbaycanın mövqeyinin güclənməsində xüsusi rol oynaya biləcək məsələdir”.

//Gülnarə Abasova, Editor.az