Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ və Avropa ölkələrinin mövqeləri arasında müşahidə olunan fərqlər Qərb daxilində təhlükəsizlik prioritetlərinin, siyasi yanaşmaların və strateji maraqların tam üst-üstə düşməməsi ilə bağlıdır. Vaşinqtonun münaqişənin diplomatik yollarla nizamlanmasına üstünlük verməsi ilə Avropanın Rusiyanın hərbi təzyiqinin qarşısının alınmasına və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönələn siyasəti arasında müəyyən fərqlər mövcuddur. Bu kontekstdə Kremlin Avropanı müharibənin davam etməsində maraqlı tərəf kimi təqdim etməsi də Moskvanın öz siyasi mövqeyini əsaslandırmaq cəhdlərindən biri kimi qiymətləndirilə bilər.
Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Peskovun fikirlərini reallıq kimi təqdim etməsi, əslində, Rusiyanın işğalçı mahiyyətini ört-basdır etməkdən başqa bir şey deyil:
“ABŞ-ın müharibəni dayandırmaq istəməsi fikri də birmənalı deyil. Avropa isə Rusiyanın işğalına qarşı Ukraynanın yanında dayanmaqla bu işğala münasibətini ortaya qoyur.
Trampın Ukraynanın hüquqlarını pozmaq bahasına müharibəni hansısa yolla dayandırmaq istəməsi ABŞ-ın mütləq doğru yolda olduğu və ya Peskovun doğru danışdığı anlamına gəlmir. Rusiya özünü elə bir bataqlığa salıb ki, oradan çıxmaq artıq onun imkanları xaricindədir. Müharibənin gedişində də artıq dönüş yaranıb. Rusiyanın ciddi uğurlar qazana bilməməsi ilə yanaşı, məğlub olmaq ehtimalı da artır. Avropanın bu prosesdə rolu böyükdür. Hesab edirəm ki, Rusiya səhv etdiyini anlamasa və müharibəni ən azı indiki mərhələdə dayandırmasa, tədricən strateji məğlubiyyətə düçar olacaq. Trampın göstərdiyi səylərə baxmayaraq, ABŞ və Avropa da bu müharibənin dayandırılmasında maraqlıdır”.
//Gülnarə Abasova, Editor.az

