Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanın Herat vilayətində qadınların geyim qaydalarına əməl etmədikləri iddiası ilə saxlanılmasından ciddi narahatlığını ifadə edib və Taliban rəhbərliyini bu təcrübəyə son qoymağa çağırıb.
Editor.az-ın məlumatına görə, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) tərəfindən yayılan açıqlamada bildirilib ki, ölkənin qərbində yerləşən Herat vilayətində qadınların geyim tələblərinə əməl etmədikləri əsas gətirilərək saxlanılması ciddi insan hüquqları narahatlığı doğurur.
UNAMA Taliban hakimiyyətinə xatırladıb ki, qadın və kişi olmaqdan asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər hüquqlara malikdir və onlara eyni münasibət göstərilməlidir.
Yerli media orqanlarının məlumatına görə, son günlər Herat şəhərində və ətraf ərazilərdə azı 21 qadın və qız uşağı saxlanılıb. Hadisənin təfərrüatları və saxlanılan şəxslərin sonrakı taleyi ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.
BMT beynəlxalq insan hüquqları standartlarına riayət olunmasının vacibliyini vurğulayaraq, qadınların hüquq və azadlıqlarının qorunmasına çağırış edib.
//Gülnarə Abasova, Editor.az


