İran XİN-dən beynəlxalq çağırış: “Xəzərdəki hücuma səssiz qalmayın”backend

İran XİN-dən beynəlxalq çağırış: “Xəzərdəki hücuma səssiz qalmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçı Avropa İttifaqını (Aİ) və BMT-ni Xəzər dənizində İranın ticarət gəmisinə edilən hücuma qəti reaksiya verməyə çağırıb.

Oxu.Az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı zamanı bildirib.

Əraqçı hücuma görə məsuliyyət daşıyan şəxslərin və onları dəstəkləyənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. O həmçinin BMT Təhlükəsizlik Şurası, Aİ və beynəlxalq ictimaiyyət tərəfindən hadisəyə qətiyyətli cavab verilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı Əraqçı və Kallas İranla ABŞ arasında baş vermiş hərbi əməliyyatlardan sonra Fars körfəzi və Hörmüz boğazındakı vəziyyəti də müzakirə ediblər. Tərəflər regionda gərginliyin azaldılması üçün diplomatik təşəbbüslərin vacibliyini bildiriblər.

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub – Ölən və yaralananlar var

Xatırladaq ki, ötən gün Tehran Ukrayna Silahlı Qüvvələrini İranın ticarət gəmisinə hücum etməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, zərbə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər isə xəsarət alıb.

İran XİN Kiyevi beynəlxalq hüququ pozmaqda və münaqişəni gərginləşdirməkdə ittiham etsə də, gəminin adını və insidentin digər təfərrüatlarını açıqlamayıb. Nazirlik bildirib ki, “İslam Respublikası öz vətəndaşlarının həyatına və əmlakına qəsd edilməsini cavabsız qoymayacaq”. Qurum bəyan edib ki, İran milli təhlükəsizliyini və ölkənin maraqlarını qorumaqda qətiyyətlidir.

İnsidentdən sonra İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. XİN baş verənləri “düşməncəsinə və cinayətkar akt” kimi qiymətləndirdiyini açıqlayıb.