İsrail və Türkiyə arasında hərbi qarşıdurma mümkündürmü?- Politoloqdan açıqlamabackend

İsrail və Türkiyə arasında hərbi qarşıdurma mümkündürmü?- Politoloqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Türkiyə arasında son illərdə siyasi fikir ayrılıqları və regional maraqların toqquşması fonunda münasibətlərdə gərginlik artmaqda davam edir. Xüsusilə Yaxın Şərqdə baş verən proseslər, Qəzza və Fələstin məsələsi, eləcə də Suriya ilə bağlı fərqli mövqelər Ankara ilə Təl-Əviv arasındakı münasibətlərə təsir edən əsas amillər sırasında yer alır. İsrail rəsmisinin iki ölkə arasında mümkün hərbi qarşıdurma ilə bağlı açıqlaması isə mövcud gərginliyin gələcəkdə hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı sualları aktuallaşdırıb.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İsrail və Türkiyə uzun müddət çox yaxın münasibətləri olan ölkələr sırasında idilər:

“Son 15 ildə tərəflər arasında münasibətlərdə gərginlik artmaqdadır. Bunun əsas səbəbi İsrailin Yaxın Şərq siyasəti, əsasən də Qəzza, Fələstin və Livanla bağlı tutduğu mövqedir ki, bu da iki tərəf arasında münasibətləri gərginləşdirib. Bundan başqa, 2010-cu ildə “Mavi Mərmərə” gəmisinə hücum, iki ölkənin regionda maraqlarının toqquşması və İsrailin yayılmacı, genişlənmə siyasəti, şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə mənfi təsir edən əsas amillərdəndir.

O ki qaldı iki ölkə arasında bu gərginliyin hərbi qarşıdurmaya çevrilə biləcəyinə, İsrailin bugünkü radikal hökuməti hakimiyyətdə qalarsa, bu gərginliyin bundan sonra da artacağı istisna edilmir. Nəzərə alsaq ki, ümumiyyətlə, İsraildə həm müxalifət, həm də iqtidar partiyaları arasında Türkiyəyə münasibət birmənalı deyil. O baxımdan tərəflər arasındakı münasibətləri ciddi şəkildə gərgin münasibətlər kimi dəyərləndirmək olar. Xüsusilə də son bir neçə ildə həm İsrailin Qəzzada keçirdiyi əməliyyatlar, həm Suriya ərazisinə endirdiyi zərbələr, həm də özünün “Böyük İsrail” və “vəd olunmuş torpaqlar” siyasətini həyata keçirmək cəhdləri iki ölkə arasında münasibətləri ciddi şəkildə zədələyib”.

O bildirib ki, hərbi eskalasiya ehtimalına gəldikdə, əlbəttə, bu ehtimal az da olsa var, amma düşünürəm ki, bu, yaxın perspektivdə real deyil:

“Çünki belə bir qarşıdurma baş verərsə, bu, hər iki ölkə üçün mənfi nəticələrlə müşayiət olunacaq. Amma burada daha çox zərər çəkən tərəfin İsrail olacağını düşünürəm. Bu baxımdan, əslində, İsraildə də kifayət qədər rasional düşünən siyasətçilər var ki, onlar Türkiyə ilə belə bir toqquşmada maraqlı deyillər”.

//Gülnarə Abasova, Editor.az