Soyuqdəymə zamanı bir çox insan eyni anda bir neçə dərman qəbul etməyə başlayır. Qızdırmasalıcılar, virus əleyhinə preparatlar, antibiotiklər, vitaminlər və müxtəlif simptomatik vasitələrin birlikdə istifadəsi isə heç də həmişə sağalmanı sürətləndirmir, əksinə, bəzi hallarda orqanizmə zərər verə bilər.
Editor.az xəbər verir ki, bu barədə terapevt Aleksandra Vişnyakova bildirib.
Həkimin sözlərinə görə, əksər hallarda orqanizmə virus infeksiyası ilə müstəqil şəkildə mübarizə aparmaq imkanı vermək, dərmanlardan isə yalnız zərurət olduqda istifadə etmək lazımdır.
«Kəskin respirator virus infeksiyaları (KRVİ) və qrip viruslardan qaynaqlanır və onlara qarşı orqanizmin öz immun sistemi mübarizə aparır. Məhz immun sistemi anticisimlər formalaşdırır və infeksiyaya qarşı müdafiə yaradır. Buna görə də xəstəlik fəsadsız keçdikdə əsas məqsəd simptomları yüngülləşdirmək və orqanizmə dəstək olmaqdır», – deyə Vişnyakova izah edib.
Mütəxəssis ən çox yol verilən səhvlərdən biri kimi antibiotiklərin həkim təyinatı olmadan qəbul edilməsini göstərib. Onun sözlərinə görə, antibiotiklər viruslara qarşı təsir göstərmir. Əksinə, bağırsaq mikroflorasını poza, əlavə təsirlərin yaranma riskini artıra və bakteriyaların müalicəyə davamlılığının formalaşmasına səbəb ola bilər.
Həkim həmçinin bədən temperaturu yüksələn kimi dərhal qızdırmasalıcı dərman qəbul etməyin də hər zaman vacib olmadığını qeyd edib. Orta dərəcəli qızdırma immun sisteminin daha aktiv işlədiyi təbii müdafiə reaksiyasıdır. Adətən qızdırmasalıcı preparatlar temperatur 38-38,5 dərəcədən yuxarı olduqda, yaxud insan yüksək temperaturu çətin keçirdikdə və ya xroniki xəstəlikləri olduqda daha erkən qəbul edilir.
Digər geniş yayılmış səhv isə eyni təsiredici maddəni ehtiva edən bir neçə preparatın eyni vaxtda qəbul edilməsidir. Həkimin sözlərinə görə, soyuqdəymə zamanı istifadə olunan bir çox toz preparatın tərkibində artıq qızdırmasalıcı komponentlər olur. Bu isə fərqinə varmadan dərmanın təhlükəsiz dozasının aşılmasına gətirib çıxara bilər.
Mütəxəssis bildirir ki, xəstəlik fəsadsız keçdikdə əksər hallarda kifayət qədər istirahət, maye qəbulu, normal yuxu, havanın nəmləndirilməsi və zərurət yarandıqda simptomatik müalicə yetərlidir.
Lakin yüksək hərarət üç gündən artıq davam edərsə, nəfəs darlığı, döş qəfəsində ağrı, şüurun qarışması və ya güclü halsızlıq yaranarsa, yaxud vəziyyət yaxşılaşdıqdan sonra yenidən pisləşərsə, həkimə müraciət etmək lazımdır.
“Virus infeksiyalarının müalicəsində əsas prinsip qəbul edilən dərmanların sayı deyil, düzgün və düşünülmüş yanaşmadır. Əksər hallarda virusla uğurla mübarizə aparan məhz orqanizmin öz immun sistemidir. Xəstənin əsas vəzifəsi isə bu prosesə mane olmamaq və narahatedici simptomlar yarandıqda vaxtında tibbi yardım almaqdır”, – deyə terapevt fikrini yekunlaşdırıb.
//Gülnarə Abasova, Editor.az

