“Sosial şəbəkələr müasir dünyanın reallıqlarından biridir. Etiraf etməliyik ki, sosial şəbəkələr olmadan həyatımızı təsəvvür etmək belə çətindir. Təbii ki, sosial şəbəkələrin bir çox üstünlükləri ilə yanaşı, düzgün istifadə edilmədikdə mənfi tərəfləri də kifayət qədərdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O bildirib ki, uşaqların, yeniyetmələrin əyləncəyə, bəzi əxlaq normalarından uzaq videomateriallara meyllilikləri nəzərə alınsa sosial şəbəkələrin zərərli tərəflərini görə bilmək olar:
“Hesab edirəm ki, uşaqlarln, yeniyetmələrin sosial şəbəkələrə sərbəst çıxlşı məhdudlaşdırılmalı, reqlamentləşdirilməlidir. Yəni, uşaq gün ərzundə istədiyi vaxt, qeyri-müəyyən müddətdə sosial şəbəkələrdən istifadə etməməlidir. Konkret vaxt müəyyənləşdirilməlidir və hansı proqramlardan istifadə oolunduğuna nəzarət edilməlidir. Burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlərlə yanaşı, təhsil müəssisələri ciddi maarifləndirmə işləri aparmalı, uşaqların ümumi inkişafına, savadlanmasına xidmət edən proqramlar təbliğ olunmalıdır.
Birbaşa qadağanın tətbiq olunması, lazımi effekt verməz, əksinə, uşağın dünya görüşünə, informasiya kommunikasiya texnologiyalarından istifadə baxımından kamil şəxsiyyət kimi yetişməsinə, digər ölkələrdə yaşayan həmyaşıdları ilə rəqabətdə geri qalmasına səbəb olar”.
//Gülnarə Abasova, Editor.az

