Alimlər idmançılar arasında protein içkiləri və çəki artırmaq üçün istifadə olunan qida əlavələrinə marağın asılılığa və maddələr mübadiləsinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Editor.az xəbər verir ki, Novqorod Universitetindən bildirilib ki, müxtəlif idman qida əlavələri peşəkar və yüksək səviyyəli idmançıların qidalanmasını optimallaşdırmaq məqsədilə məşq prosesinin mühüm hissəsinə çevrilib. Lakin müsbət təsirlərinə baxmayaraq, alimlər bu məhsulların əsas qida mənbəyini əvəz etməsinin potensial təhlükə daşıdığını vurğulayırlar.
Mütəxəssislərin fikrincə, qida əlavələrindən qidanın əvəzi kimi istifadə edilməsi asılılıq yarada və orqanizmin sabit və effektiv fəaliyyətini qorumaq üçün qəbul edilən dozanın sistematik şəkildə artırılmasına gətirib çıxara bilər. Alimlər qeyd edirlər ki, qida əlavələri yalnız qidalanmanı optimallaşdırmağa kömək edən əlavə vasitə kimi istifadə olunmalıdır və onların rolu əsas deyil, tamamlayıcı xarakter daşımalıdır.
Mütəxəssislərin sözlərinə görə, hazırlıq dövründə idmançının qidalanması xüsusilə balanslı olmalıdır. Qidalanmanın enerji dəyəri orqanizmin yüksək enerji sərfiyyatını tam şəkildə kompensasiya etməlidir. Bu göstərici idman növündən və məşqlərin intensivliyindən asılı olaraq gündə 4-7 min kilokaloriyə və ya daha çoxa çata bilər ki, bu da orta statistik insanın gündəlik enerji tələbatından təxminən iki-üç dəfə yüksəkdir.
Karbohidratlar əsas enerji mənbəyi hesab olunur və məşq mərhələsindən asılı olaraq gündəlik kalorinin 55-65 faizini təşkil etməlidir. Bundan əlavə, orqanizmi zəruri qida maddələri ilə təmin etmək üçün gündə üç dəfə qidalanma kifayət etmir. Buna görə də idmançılara gün ərzində 5-6 dəfə qidalanmaq tövsiyə olunur.
Bioloqlar bildirirlər ki, tam qida qəbulunu protein içkisi ilə əvəz etmək yalnız pəhrizin qida dəyərini azaltmır, eyni zamanda enerjini “sürətli” şəkildə bərpa etməyə yönəlmiş psixoloji asılılığın formalaşmasına da səbəb ola bilər.
Alimlərin fikrincə, yüksək karbohidrat qəbulu zamanı bu maddələr əsasən düyü və kartof kimi kompleks nişasta mənbələrindən əldə edilməlidir. Bu mərhələdə fruktozanın qəbulunun isə yolverilməz olduğu bildirilir.
Mütəxəssislərin qeyd etdiyinə görə, intensiv məşq dövründə olan yüksək səviyyəli idmançının gündəlik rasionu 6 min kilokaloriyə çata, qəbul edilən mayenin həcmi isə 7 litrə qədər yüksələ bilər.
Ekspertlər həmçinin qida əlavələrindən nəzarətsiz istifadənin qarşısını almaq üçün hər bir idmançıya fərdi yanaşmanın vacibliyini vurğulayırlar.
//Gülnarə Abasova, Editor.az

