Depressiya insanın həm daxili dünyasına, həm də gündəlik həyatına ciddi təsir göstərə bilən mürəkkəb psixoloji vəziyyətdir. Bu mövzuda ən çox müzakirə olunan məsələlərdən biri də insanın çətin emosional dövrdə tək qalmaqla, yoxsa sosial dəstək alaraq mübarizə aparmasıdır. Bəzən təklik insanın özünü daha yaxşı tanımasına və daxili gücünü kəşf etməsinə şərait yarada bilər. Lakin depressiya zamanı təklik və sosial təcrid arasında fərqi düzgün müəyyənləşdirmək xüsusilə vacibdir. Bu baxımdan, depressiyadan çıxış yolunda həm insanın öz daxili resursları, həm də ətrafındakı insanların dəstəyi mühüm rol oynayır.
Psixoloq Leyla Əli Editor.az-a açıqlamasında bildirib ki, depresiyyadan çıxmaq tək bir üsulla mümkün olmur. İlk növbədə qəbul etməliyik ki, depressiya sadəcə kədərli olmaq deyil, peşəkar yanaşma tələb edən psixoloji vəziyyətdir:

“Depressiyadan çıxmağın ən vacib addımları problemi qəbul etmək, gündəlik həyata kiçik də olsa aktivlik qatmaq, yuxu və qidalanma rejimini bərpa etmək, yaxınlardan dəstək almaq və lazım gəldikdə psixoloq və ya psixiatrın köməyinə müraciət etməkdir.
Depressiya yaşayan insanların çoxu tək qalmaqdan qorxur. Bunun səbəbi tək qalanda mənfi düşüncələrin daha da güclənməsi, ümidsizlik hissinin artması və emosional yükün daha ağır hiss edilməsidir. Buna görə də onlar daim diqqətlərini yayındıracaq bir insanın olmasını istəyirlər.
Lakin mən hesab edirəm ki, sağlam şəkildə özünlə tək qala bilmək də psixoloji gücün göstəricisidir. Söhbət özünü cəmiyyətdən təcrid etməkdən yox, özünü tanımaqdan, hisslərini qəbul etməkdən və daxili resurslarını gücləndirməkdən gedir. İnsan müəyyən mərhələdə öz düşüncələri ilə üzləşməyi bacardıqca, çətinliklərlə mübarizə aparmaq gücü də artır.
Ancaq bunu da vurğulamaq vacibdir ki, ağır depressiya zamanı insanı “tək qal və güclən” prinsipi ilə yönləndirmək düzgün deyil. Belə hallarda peşəkar dəstək və yaxınların varlığı sağalma prosesinin ayrılmaz hissəsidir. Məqsəd insanın tək qalmağa məcbur edilməsi deyil, zamanla həm özünə, həm də həyatına yenidən güvən qazanmasına kömək etməkdir”.
//Gülnarə Abasova, Editor.az

