Əmək haqqı, pensiyalar, müavinətlərdə olan artım məhsullardakı  qiymət artımına uyğundurmu? -AÇIQLAMAbackend

Əmək haqqı, pensiyalar, müavinətlərdə olan artım məhsullardakı qiymət artımına uyğundurmu? -AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda ölkədə minimum əmək haqqı, orta aylıq əmək haqqı, orta pensiya və müavinətlərin yetərsiz səviyyədə olduğu hökumət tərəfindən də, cəmiyyət tərəfindən də qəbul olunan bir tezidir. Hökumətin bu istiqamətdə yeni sosial paketini açıqlayacağını gözləyirik. Bu paket açıqlanandan sonra demək olar ki, artım qiymət artımına uyğundur, yoxsa yox…”

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib.

Ekspert hesab edir  ki, dövlət zəruri funksiyalarını daha yaxşı yerinə yetirmək üçün “maya dəyəri”, “səmərəlilik” kimi anlayışları ideallaşdırmamalıdır:

“Məşhur iqtisadçı Dani Rodrikin dediyi kimi “səmərəlilik hər şey demək deyildir”. Dövlət, ictimai məhsul və xidmətləri yetərli səviyyədə təmin etməyi bacarmalı, cəmiyyətin ümumi rifahını artıracaq addımlardan çəkinməməli, hətta lazım olduqda bu yolda borclanmaya da gedə bilməlidir. Cəmiyyətdə orta təbəqənin genişləndirilməsi və gücləndirilməsi, sosial kapitalın artırılması, sosial stabilliyin qorunub saxlanılması dövlətin əsas gündəmi olmalıdır. Dövlət çalışmalıdır ki, gəlirlərində artımı iqtisadi artım, sahibkarlığın inkişafı yolu ilə təmin etsin. Digər tərəfdən fiskal siyasət elə qurulmalıdır ki, ilk növbədə ölkədə texnologiyadan istifadəni, texnoloji məhsulları mümkün qədər əlçatan etsin. Məsələn, bu gün smart telefonlar, artıq lüks məhsul deyil, zəruri ehtiyac məhsuludur. Onunla bank əməliyyatları, elektron hökumət əməliyyatları və.s aparılır. Digər tərəfdən yeni vergi və rüsumlar iqtisadi dövriyyədə olmayan kapitalın dövriyyəyə daxil olmasına da xidmət etməlidir. Məsələn, daşınmaz əmlak sektorunda bu baxımdan böyük imkanlar var. Yenə bahalı avtomobillər və digər lüks məhsul və xidmətlər sahəsində dövlətin özü üçün yeni gəlirlər yaratma imkanları heç də az deyildir.”

//Gülnarə Abasova, Editor.az