“Ermənistan Aİ missiyasından “qalxan” kimi istifadə etməyi planlaşdırır”- AÇIQLAMAbackend

“Ermənistan Aİ missiyasından “qalxan” kimi istifadə etməyi planlaşdırır”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqının Ermənistanda mülkü missiyasının yaradılması bu günün mövzusu deyil. Ötən ilin 6 oktyabr tarixində Çexiyanın Praqa şəhərində Avropa siyasi birliyinin ilk Zirvə toplantısı zamanı Azərbaycanın prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə bu məsələ barəsində razılaşma əldə edilmişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, tərəflər Azərbaycana mümkün qədər təsir göstərməyə çalışırdılar ki, sözügedən missiya ölkəmizə də yerləşdirilsin:

“Prezident İlham Əliyevin isə bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsinin kifayət etdiyi ilə bağlı mövqeyi, digər ölkələrin missiyalarına ehtiyac olmadığını bildirmiş oldu. Ermənistan ərazisində missiyanın yerləşdirilməsi və 2 ay müddətində fəaliyyət göstərəcəyi ilə bağlı razılığa gəlinmişdi. Bu, Azərbaycanı narahat edən mövzulardandır. Missiya bizim ərazilərə yerləşdirilməsə belə keçmiş münaqişə ilə bağlı mövcud olan məsələlərin həlli, sülhün əldə edilməsi üçün yerləşdirilir. 2 il müddətində “mülki missiya” adı altında qüvvələrin Ermənistana cəlb edilməsi ondan xəbər verir ki, Avropa və bir sıra dövlətlər bu məsələdə ciddi şəkildə qərarlıdır”.

Politoloqun fikrincə, postmüharibə dövründə törətdiyi bir sıra təxribatlara cavab aldıqdan sonra  Ermənistan artıq ərazilərimizdə atəşkəs rejiminin pozulması ilə bağlı bütün imkanlarını məhdudlaşdırıb:

“Laçın yolunda 40 gündür azərbaycanlılar aksiya keçirirlər. Bununla da Azərbaycan həmin ərazilərdə baş verən qanunsuz fəaliyyətlərin qarşısını alır. Bu amillər Ermənistanın təxribat törətməsinə mane olur. Təxribatların reallaşması isə 12-14 sentyabr tarixlərində keçirdiyi kimi sərhədboyu ərazilərdə baş tuta bilər. Azərbaycanın da buna cavabı çox ağır və təhlükəli olacaq. Bundan narahat olan İrəvan, Azərbaycan Silahlı Qüvvələrinin növbəti antiterror əməliyyatını Ermənistan ərazilərində keçirəcəyini anlayıb bu missiyasını öz ərazilərinə daşıyır. Özünü qorumaq üçün “qalxan” kimi missiyadan istifadə etməyə çalışır. Məqsəd isə Ermənistanın imzaladığı bəyanatların şərtlərinə uyğun olaraq öhdəliklərini yerinə yetirməsinə və sülhün bərqərar olmasına çalışmaqdır. Azərbaycanın istədiyi də elə bundan ibarətdir ki, Ermənistan öz öhdəliklərini yerinə yetirsin. Rəsmi Bakı ümid edir ki, Aİ missiyası regionda sülhün əldə edilməsinə müsbət töhfə verəcək”.

X.Bəşirovun sözlərinə görə, hər zaman məkrli, hiyləgər məqsəd güdən Ermənistan son zamanlar antiRusiya siyasətini ortaya qoyub: “ Hesab edirəm ki, Rusiyanın Ukraynada başlatdığı müharibədə uğursuzluğa düçar olacağı ehtimalına qarşı missiyanı ərazilərində yerləşdirirlər. Ən əsası isə bu yolla KTMT-dən qurtulmağa çalışır. Ermənistan və Rusiya arasındakı münasibətlərə görə, Azərbaycanın heç bir qayğısı yoxdur. Hər bir dövlət öz siyasətini müstəqil şəkildə həyata keçirməlidir”.
 
//Safura Bənnayeva, Editor.az