Fərid Şahbazlı: “Azərbaycan gəncliyinin qarşısında böyük hədəflər dayanır”backend

Fərid Şahbazlı: “Azərbaycan gəncliyinin qarşısında böyük hədəflər dayanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. Bugün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər. Ən önəmlisi isə Azərbaycan gəncliyi 44 günlük Vətən Savaşında həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya müharibəsinin iştirakçısı kimi öz gücünü və potensialını göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və tarixi ədalət bərpa edildi”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral- Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, gənclərlə bağlı xüsusi bir günün elan edilməsi Azərbaycan gəncliyinə verilən yüksək qiymətin nümunəsidir: “Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb. Ulu Öndər Heydər Əliyev bununla bağlı 1997-ci ildə müvafiq Fərman imzalayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra 1999-cu ilin 12 avqust tarixində BMT Baş Məclisi tərəfindən Beynəlxalq Gənclər Günü elan edilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün Cənab Prezident olduqca tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir fərd kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bugün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir”.

Fərid Şahbazlı bildirib ki, gənclərimiz də dövlətimizin yaratdığı şəraitdən maksimum faydalanmağa və etimada layiq olmağa çalışır: “Gəncliyimiz tarixin bütün mərhələlərində Azərbaycan dövlətinin, dövlətçiliyinin yanında olub, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. Müstəqilliyimizin əldə olunmasında və qorunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu var. Gənclərimiz bu müddətdə böyük uğurlar əldə ediblər. Amma qarşıda bizi gözləyən böyük hədəflərimiz var. Bunun üçün biz gənclər beynəlxalq əməkdaşlığa daha çox diqqət yetirməli, digər ölkələrin gəncləri ilə münasibətləri daha da dərinləşdirməli, bu vasitə ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynamalıyıq”.

//Editor.az