Fərhad Qaraşov: “Yeni ixrac bazarları tapmalıyıq”backend

Fərhad Qaraşov: “Yeni ixrac bazarları tapmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Avropa İttifaqının maliyyə dəstəyi əsasında reallaşan “STEP” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Editor.az-ın suallarını cavablandırıb.

– Fərhad bəy, Azərbaycan narının Avropa Bazarına çıxmasında sizcə mövcud problemlərimiz əsasən hansılardır?

– Azərbaycan narının ixrac coğrafiyasının genişləndirilməsi bizim üçün də prioritet məsələdir. Xüsusilə də, məqsədimiz Avropa İttifaqı ölkələrinə yerli nar məhsullarımızın çıxarılması, tanıdılması və oradakı nar qiymətlərinə uyğun olaraq marjanın daha artıq olmasıdır. Problemlərə gəlincə, Avropa bazarına çıxış üçün əsas problemlərimiz sertifikatlaşma məsələləri ilə bağlıdır. Misal üçün deyə bilərəm ki, “Global Gap” sertifikatı əldə edilməlidir. Bu isə özlüyündə kifayət qədər xərc tələb edir. Belə ki, narın aqrotexniki qulluq prosesində sertifikatda tələb olunan vasitələrdən istifadə olunması zəruridir.Həmçinin bəzi fitosanitar proseslərin sertifikatlaşmaya uyğun şəkildə yerinə yetirilməsi vacibdir. Fermerlər tərəfindən koperativləşmə olmadığı halda bu kimi məsələlər onlar üçün xarici bazara çıxış zamanı problem yaradır.
Bu il Rusiya- Ukrayna müharibəsi zamanı yaranan problemlər bizə bir daha bu mesajı verdi ki, ənənəvi bazarlardan başqa, həm şərq,həm də Qərb ölkələri üzrə ixrac bazarlarımızı artırmalıyıq. Bunun üçün xüsusən də fermerlərimiz arasında maarifləndirmə işləri aparırıq.Hazırda Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qurumları ilə narçılığın mövcud vəziyyəti haqqında “Ağ sənəd”-in üzərində işləyirik. Artıq 1500-ə yaxın fermerlər arasında monitorinq prosesləri aparılıb.Mövcud problemlər,onların həlli və perespektivlər mövzusunda 4 istiqamət üzrə “Ağ sənəd”-in hazırlanması nəzərdə tutulub. Daha sonra aidiyyatı üzrə dövlət qurumlarımızın köməkliyi ilə bu sənədi hazırlayaraq təsdiq olunması üçün Azərbaycan Hökumətinə göndərəcəyik.

– Azərbaycan narı Avropa bazarına çıxacağı təqdirdə bu sahədə əsas rəqibimiz hansı ölkələr ola bilər?

– Azərbaycan narı keyfiyyətinə görə bir çox dünya ölkələrini qabaqlamaqdadır.Yerli narlarımız ölkəmizə axın edən turistlərin də, ən çox bəyəndikləri təamlar sırasındadır. Avropa nar bazarındakı rəqibimizə gəlincə isə bu qardaş Türkiyə olacaq. Türkiyə uzun müddətdir ki, Avropa Nar bazarının satış üzrə lideridir və böyük satış payına malikdir. Bu ilk öncə onların əldə etdikləri yüksək məhsuldarlığın nəticəsidir. Bundan əlavə Türkiyənin rəqib olması orada nar bağlarının həddindən artıq çox olması ilə bağlıdır. Türkiyənin il ərzində 650 min tondan artıq nar istehsalı mövcuddur. Azərbaycanda isə bu gün üçün bu rəqəm 185 min tona yaxındır. Bundan əlavə Avropa nar bazarında digər rəqiblərimiz isə bu bazara nar ixrac edən Misir, İspaniya və İtaliya ola bilər.Sadaladığım ölkələr məhsuldarlıq baxımından bizim rəqiblərimiz ola bilər. Dad baxımından isə Azərbaycan narına dünyanın heç bir ölkəsində istehsal olunan narın rəqib ola bilməz.

– Bəs Avropa ölkələrindən rəhbərlik etdiyiniz asosiasiyaya Azərbaycan narına olan təlabatla bağlı hər hansı bir müraciət daxil olubmu?

– Bu il Almaniya vətəndaşları, tam dəqiqliklə desək orada yaşayan türklər Azərbaycana gəlmişdilər.Onlar da, “Global Gap” sertifikatı tələbi ilə gələn il üçün ixrac planlaşdırırlar. Bu çox sevindirici haldır və xarici bazarda ola biləcək real alıcıların axtarışı ilə fəaliyyətimizi davam edirik.

– Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və iki ilə yaxın davam edən “STEP” layihəsi narçılığımızın inkişafına necə təsir etdi?

– 27 aya yaxınd müddətdə, biz bu layihəni Avropa İttifaqı ilə birlikdə icra etdik və düşünürəm ki, bu layihənin icrası mütləq şəkildə Azərbaycanda narçılığın inkişafına öz töhfəsini verəcək. Layihəyə Kürdəmirin Muğanlı kəndində mini zavodun rəsmi açılışı və Göyçay rayonu Qaraməryəm kəndində Nar vadisi turizm məkanına səfərlə yekun vuruldu. Layihə nəticəsində Azərbaycanın yeddi rayonunda nar istehsalçılarının məhsuldarlıq göstəricisi 25-35 faiz artmışdır. Yeni mini zavodun işə başlaması nəticəsində isə yerli istehsalçılar əlavə bazar satışı vasitəsilə təsərrüfatlarını genişləndirməyə müvəffəq olacaqlar. Keçən il “AzGranata” şirkətinin nar dənələri məhz layihə nəticəsində Kürdəmirdə fəaliyyətə başlayan zavodda dənələnmiş və emal edilmişdir. Bundan başqa digər kiçik fermerlər də bu emal müəsisəsinin kiçik fəaliyyətindən yararlanmışlar. Mən ümid edirəm ki, Avropa İttifaqı ilə bizim Asosiasiyanın gələcəkdə də birgə fəaliyyət göstərə biləcəyi yeni layihələrimiz olacaq.Bildiyimiz və hiss etdiyimiz qədər Avropa İttifaqı da, birgə əməkdaşlığımızdan məmnundur.

Düşünürəm ki, bu cür əməkdaşlıqlar əsasında görülən işlər nəinki Avropa və Azərbaycan coğrafiyası, eyni zamanda da, dünya üçün vacibdir.Azərbaycan narı dünyanın ən dadlı narları sırasındadır.Narçılıqda Azərbaycanda mövcud olan problemlərin həlli üçün biz əlimizdən gələni edirik.Problemlərin həllində mən sizi əmin edirəm ki, Avropa İttifaqının bizə göstərdiyi yardım və bizim icra etdiyimiz bütün təlimlər bu sahənin inkişafına öz töhfəsini verməkdədir. 27 ay ərzində layihənin icrası zamanı Kənd Təsərrfüatı Nazirliyinin nəznində olan “KOBİA”-ya və “Avropa İttifaqına” Asosiasiyamız və bütün narçı fermerlərimiz adından təşəkkür edirəm. Milli dəyərlərimizin göstəricilərindən biri olan narçılığın inkişafı üçün əlindən gələni əsirgəməyən və bu sahəyə öz töhfəsini verən hər kəsə minnətdarlığımı bildirirəm.

//Leyla Şah