Fransada davam edən güclü isti hava dalğası səbəbindən ölkənin 8 inzibati bölgəsində hava təhlükəsi ilə bağlı xəbərdarlıq səviyyəsi “narıncı” mərhələyə qaldırılıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin meteoroloji xidməti olan Meteo France məlumat yayıb.
Məlumata görə, havanın temperaturu bəzi ərazilərdə 36 dərəcəyə qədər yüksəlib və istilərin yaxın günlərdə də davam edəcəyi gözlənilir. Meteoroloqlar və yerli hakimiyyət orqanları əhaliyə xüsusilə günün isti saatlarında ehtiyatlı olmağı tövsiyə edib.
Fransa hökumətinin sözçüsü Maud Bregeon bildirib ki, anomal istilər nəticəsində ölkədə artıq insan tələfatı qeydə alınıb. Onun sözlərinə görə, isti hava şəraitində keçirilən idman yarışları zamanı 2 nəfər həyatını itirib, sərinləmək məqsədilə su hövzələrinə girən daha 5 nəfər isə boğularaq ölüb. Beləliklə, isti hava dalğası ilə əlaqədar ümumi ölüm sayı 7 nəfərə çatıb.
Eyni zamanda, Fransanın idman və gənclər naziri Marina Ferrari hava şəraitinin daha da pisləşəcəyi təqdirdə bəzi idman tədbirlərinin ləğv edilə biləcəyini açıqlayıb.
İsti hava nəqliyyat sisteminə də ciddi təsir göstərib. Paris ilə Nice arasında hərəkət edən sərnişin qatarı elektrik kəsintisi səbəbindən təxminən 4 saat yolda qalıb. Kondisioner sisteminin işləməməsi səbəbindən yüzlərlə sərnişin təhlükəsizlik məqsədilə qatardan çıxarılıb.
Mütəxəssislər Avropada müşahidə olunan yeni isti hava dalğasının iqlim dəyişikliklərinin təsirlərini bir daha ortaya qoyduğunu bildirirlər.
//Gülnarə Abasova, Editor.az


