Ötən gün Xətai rayonunda rayon ağsaqqalları arasında nərd turniri təşkil olunub.
Turnir Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Ağsaqqallar Şurasının və Bakı Şəhəri üzrə Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də iştirak edib.
Xitab24.az-ın məlumatına görə, Xətai RİH bu turniri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirildiyini elan edib. Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib.

Ancaq nərd turnirinin “Şəhərsalma və Memarlıq İli”nə nə aidiyyəti olduğu sual olaraq qalır.
Nəzərə alaq ki, ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın çoxəsrlik memarlıq və şəhərsalma ənənələrinin qorunması və təşviqi ilə əlaqələndirir. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda qeyd olunur ki, ölkənin tarixi şəhərləri, qalaları, karvansaraları, məscidləri və UNESCO siyahısına daxil olan abidələri milli memarlıq irsinin əsas sütunlarıdır.
İkinci böyük səbəb isə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesidir. Sərəncamda qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində qısa müddətdə 100-dən çox yaşayış məntəqəsi üzrə planlaşdırma sənədləri hazırlanıb və geniş quruculuq işlərinə başlanılıb. Xüsusilə Şuşa şəhərinin tarixi memarlıq simasının bərpası ayrıca vurğulanır.
Bundan başqa, Azərbaycanın beynəlxalq şəhərsalma gündəmində rolu da artmaqdadır. Bir neçə gün öncə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun – WUF13 tədbirinin Bakıda keçirilməsi də mühüm faktorlardan biridir.
Dövlətin postmüharibə dövründə quruculuq siyasətinin ön plana çıxardığı bir vaxtda Xətai rayonunun icra başçısı Rafiq Quluyevin “Şəhərsalma və Memarlıq İli” adı altında nərd çempionatı keçirməsi tragikomediyadan başqa bir şey deyil.


