Psixoloqdan xəbərdarlıq: Bu mobil oyunlar uşaqların psixikasına ciddi zərər verirbackend

Psixoloqdan xəbərdarlıq: Bu mobil oyunlar uşaqların psixikasına ciddi zərər verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı psixoloq uşaqların psixikasına ən çox zərər verən mobil oyunların tam immersiya yaradan və reallıq hissini zəiflədən oyunlar olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, xüsusilə 3D və 4D formatlı oyunlar uşaqları virtual aləmə daha dərindən cəlb edir və bu, onların emosional vəziyyətinə mənfi təsir göstərə bilər.  

Editor.az xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru, praktik psixoloq Mixail Xors qeyd edib ki, uşağın oynadığı oyun nə qədər realistikdirsə, onun psixikaya təsiri də bir o qədər güclü olur. Onun fikrincə, insan beyni kompüter və mobil oyunlardakı görüntüləri müəyyən mənada reallıq kimi qəbul edir və bu səbəbdən uşaq virtual obrazlarla emosional bağ qurmağa başlayır.  

Ekspert bildirib ki, uzun müddət nəzarətsiz şəkildə virtual mühitdə vaxt keçirmək uşaqlarda rasional düşüncənin zəifləməsinə səbəb olur. Nəticədə onlar emosional asılılıq vəziyyətinə düşür və real həyata maraqları azalır. Psixoloqun sözlərinə görə, bu proses zamanla ciddi oyun asılılığına çevrilə bilər.  

Bununla yanaşı, mütəxəssis bəzi oyunların ölçülü istifadə edildiyi halda faydalı ola biləcəyini də vurğulayıb. O, şahmat kimi intellektual oyunların təhlükəsiz hesab oluna biləcəyini, lakin belə məşğuliyyətlərin uşağın fiziki inkişafına və sosial münasibətlərinə mənfi təsir göstərməməsinin vacib olduğunu deyib. Valideynlərə uşaqların gündəlik həyat tərzinə və internetdə keçirdiyi vaxta nəzarəti artırmaq tövsiyə olunub.  

Məlumata görə, aparılan son araşdırmalar valideynlərin əhəmiyyətli hissəsinin uşaqların internetdə nə qədər vaxt keçirdiyini izləmədiyini göstərir. Sorğuda iştirak edən valideynlərin yalnız kiçik bir hissəsi valideyn nəzarəti funksiyalarından istifadə etdiyini bildirib.  

//Gülnarə Abasova, Editor.az