Almaniya və Kanada Avropanın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə maye təbii qazın (LNG) tədarükünə dair iri həcmli saziş imzalamağa hazırlaşır.
Editor.az xəbər verir ki, məlumata görə, razılaşma çərçivəsində Almaniya ildə təxminən 1 milyon ton LNG alacaq. Bu addım Avropanın enerji mənbələrini şaxələndirmək və xarici təchizatdan asılılığı azaltmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Layihə barədə məlumatı Bloomberg agentliyi mənbələrə istinadən yayıb. Bildirilir ki, sazişin icrası Almaniyanın dövlət enerji şirkəti SEFE vasitəsilə həyata keçiriləcək. Qaz Kanadanın Britaniya Kolumbiyası sahillərində yerləşən üzən terminaldan alınacaq.
Layihənin əsas investorlarından biri Western LNG şirkətidir. Həmçinin bu layihə Blackstone Energy Transition Partners tərəfindən dəstəklənir və Nisga’a Nation qrupunun birgə mülkiyyətindədir.
Planlara əsasən, qaz tədarükünün 2030-cu illərin əvvəlində başlaması gözlənilir.
Bu razılaşma Avropanın enerji bazarında Rusiya qazından asılılığın azaldılması və qlobal enerji təchizat zəncirində yeni marşrutların yaradılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
//Gülnarə Abasova, Editor.az


