Ermənistan keçiriləcək parlament seçkiləri təkcə bu ölkənin daxili siyasi gələcəyi baxımından deyil, həm də Cənubi Qafqazda formalaşacaq yeni geosiyasi düzən prizmasından xüsusi əhəmiyyət daşıyır. Seçki kampaniyası fonunda revanşist qüvvələrin fəallaşması, Rusiyaya yaxın siyasi dairələrin prosesə təsir cəhdləri və Nikol Paşinyanın sülh gündəliyini ön plana çıxarması regionun gələcək siyasi kursu ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Mövcud vəziyyət göstərir ki, Ermənistan seçicisi bu dəfə yalnız hakimiyyət uğrunda rəqabət aparan siyasi qüvvələr arasında deyil, həm də ölkənin xarici siyasət istiqaməti və regional münasibətlər modeli arasında seçim etməli olacaq.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkilərində ümumilikdə 19 siyasi partiya və blok iştirak etsə də, əsas mübarizə üç siyasi qüvvə — Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi”, Samvel Karapetyanın “Güclü Ermənistan” hərəkatı və Robert Köçəryanın “Ermənistan Alyansı” arasında gedir:
“Gərgin siyasi atmosfer və ciddi qarşıdurma şəraitində davam edən seçki kampaniyası son günlər qarşılıqlı ittiham, təhdid və şantaj mərhələsinə keçib. Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı” Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə həm siyasi dividend qazanmağa, həm də Rusiya və İran daxilindəki müəyyən dairələrin dəstəyini əldə etməyə çalışır. Lakin bu taktika Ermənistan cəmiyyətində əks-reaksiya doğurur.
Nikol Paşinyanın sərt və ardıcıl əks-həmlələri isə rəqiblərini çətin vəziyyətdə qoyur. O, seçicilərə davamlı şəkildə sülh gündəliyinin vacibliyini, “Vətən” anlayışının mahiyyətini izah edir və revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda Ermənistanın qarşılaşa biləcəyi təhlükələrdən danışır. Paşinyan vurğulayır ki, son 35 ildə Cənubi Qafqaz xalqlarına böyük faciələr yaşadan işğal siyasətinin əsas məsuliyyətini Köçəryan, Sərkisyan və Ohanyan kimi şəxslər daşıyır. O, erməni cəmiyyətinə anlatmağa çalışır ki, Qarabağ, Naxçıvan, Qars və Van Ermənistanın tarixi torpaqları deyil və heç vaxt da olmayıb”.
Politoloqun sözlərinə görə, bütün bu proseslər fonunda Ermənistanda keçiriləcək seçkilərin ciddi geosiyasi nəticələri ola bilər:
“Bu seçkilərdə erməni seçicisi yalnız siyasi partiyalar və liderlər arasında seçim etməyəcək, eyni zamanda Rusiya ilə Avropa arasında geosiyasi seçim etmiş olacaq. Ermənistan vətəndaşlarının verəcəyi qərar ölkənin Azərbaycan və Türkiyə ilə gələcək münasibətlərinə də birbaşa təsir göstərəcək.
İndiyədək yayımlanan rəy sorğuları Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın öndə olduğunu göstərsə də, Samvel Karapetyan və Robert Köçəryanın da ciddi elektorata malik olduğu görünür. Bu isə Ermənistan cəmiyyətinin müəyyən hissəsinin hələ də köhnə revanşist və radikal düşüncə tərzindən tam uzaqlaşmadığını göstərir. Seçki günü yaxınlaşdıqca yeni siyasi sürprizlərin ortaya çıxacağı və “Vətəndaş Müqaviləsi” partiyasının üstünlüyünü daha da artıracağı istisna edilmir”.
// Gülnarə Abasova, Editor.az


