Gürcüstanla dəmir yolu əlaqəsinin yenidən bərpası regional nəqliyyat imkanlarının genişlənməsi və sərnişin daşımalarının alternativləşdirilməsi baxımından müsbət addım kimi qiymətləndirilsə də, proses bir sıra ciddi problemləri də gündəmə gətirib. Xüsusilə bilet qiymətlərinin yüksək olması, elektron satış sisteminin qeyri-sabit işləməsi və biletlərin qısa müddətdə tükənməsi sərnişinlərin narazılığına səbəb olur. Vətəndaşlar bildirirlər ki, hətta 81 manatlıq biletləri belə tapmaq çətinləşib və mövcud qiymət siyasəti hər kəs üçün əlçatan hesab edilmir. Ekspertlər isə hesab edirlər ki, həm texniki nasazlıqların aradan qaldırılması, həm də alternativ nəqliyyat imkanlarının artırılması mövcud gərginliyi azaltmaq üçün vacib amillərdəndir.
İqtisadçı ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, biletlərin tapılmaması əslində bu istiqamət üzrə yüksək tələbatın göstəricisidir:

“Əgər qiymətlər həqiqətən çox baha olsaydı, biletlər satılmadan qalardı və hər zaman əlçatan olardı. Mövcud vəziyyət göstərir ki, bu istiqamətə ciddi tələbat var”.
Ekspertin sözlərinə görə, problemin əsas həlli yollarından biri quru sərhədlərinin vətəndaşların istifadəsi üçün tam açılmasıdır:
“Vətəndaşın seçim imkanı olmalıdır. İnsan istəsə piyada, şəxsi avtomobillə və ya avtobusla sərhədi keçə bilməlidir. Hazırda bütün yükün əsasən dəmir yolu üzərinə düşməsi tələbatı daha da artırır. Alternativ nəqliyyat imkanlarının məhdud olması dəmir yoluna marağı kəskin şəkildə yüksəldib. Qatar reyslərinin açılması müəyyən mənada vətəndaşların hərəkət imkanlarını genişləndirdi. Amma bununla yanaşı digər keçid imkanları da yaradılmalıdır ki, sərnişin axını balanslaşsın”.
Xalid Kərimli elektron bilet satış sistemində yaranan texniki problemlərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb:
“Əgər sayt və ya onlayn satış platformasında texniki nasazlıqlar varsa, bunlar mütləq həll edilməlidir. Amma biletin tapılmaması o deməkdir ki, həmin bileti başqa vətəndaş artıq alıb. Biletlərin sonradan daha yüksək qiymətə yenidən satışa çıxarılması halları qara bazarın formalaşdığını göstərir və bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.
//Gülnarə Abasova, Editor.az


