“Qurban bayramı ilə bağlı hansı addımların atılmalı olduğunu bilirik. Amma imkanımız olmadığı üçün bunu edə bilmirik”.
Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri bildirib ki, hazırkı maddi vəziyyətləri qurban kəsməyə və ehtiyacı olan ailələrə pay paylamağa imkan vermir:
“Düşünürəm ki, qurban paylamağa imkanımız yoxdur. Kim bizə qurban payı verərsə, Allah qəbul etsin. Elə bir imkanımız yoxdur ki, bayram günü hansısa yazığın, illərlə ət üzünə həsrət qalan insanların ehtiyacını ödəyək”.
Hafiz Hacıyev qeyd edib ki, ölkədə ətin qiymətinin bahalaşması da vəziyyəti çətinləşdirib:
“Heyvan əti 22 manata qalxıb. Xoşagələn olmazdı əgər gedib kimdənsə borc alaraq, qurbanlıq paylayaq. Çox təəssüf edirik ki, imkanımız çatmır və xalqımıza bu xidməti göstərə bilmirik”.
O, imkanlı şəxslərə çağırış edərək ehtiyacı olan ailələrin unudulmamasını istəyib:
“İmkanlı adamlardan xahişimiz budur ki, neçə illərdir ət üzü görməyən insanlara Qurban bayramında kömək etsinlər. Heç olmasa onların da qazanından ət iyi gəlsin. Bu, Allaha da xoş gedər, onların qurbanı da qəbul olar”.
Sonda Hafiz Hacıyev bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib:
“Hər kəsə can sağlığı, uzun ömür arzulayıram. Həyatımızı necə varsa, elə də başa vurub gedəcəyik”./Modern.az/


