Ermənistanda 7 iyun parlament seçkiləri yaxınalşdıqca həm daxildə proksi-qüvvələr daha da fəallaşır, həm də Rusiyadan Baş nazir Nikol Paşinyan və komandasının ünvanına hədə-təhdidlər artır. Bu arada Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistan seçkilərinə müdaxilədə ittiham edilib. Belə ki, “Məlumatlı Vətəndaşlar Birliyi” və “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” Rusiya hərbi bazasına qarşı ittihamlar irəli sürüblər. Onlar iddia edirlər ki, baza ölkənin seçki proseslərinə təsir göstərmək üçün istifadə olunur. QHT-lər deyir ki, hərbi bazada işləyən Ermənistan vətəndaşları komandanlıq tərəfindən mənəvi və psixoloji təzyiqə məruz qalırlar. Xüsusilə bunu baza komandirinin dini işlər üzrə köməkçisi, Ermənistan dövlətçiliyinə qarşı təbliğat aparan Rus Pravoslav Kilsəsinin keşişi Ata Timofey Kazaryan edir. Ata Timofey bazadakı Müqəddəs Aleksandra Pravoslav Kilsəsində xidmət edir.

“Baqramyan 26” Teleqram kanalı isə yazır ki, Kazaryanın əsas günahı onun pravoslavlığı qəbul etməsi və Rus Pravoslav İlahiyyat Seminariyasını bitirməsi, Ermənistan Apostol Kilsəsinin keşişləri ilə sıx əlaqələr saxlamasıdır. Məlumata görə, o, Rusiya Müdafiə Nazirliyindən medal alıb. Ermənistan mətbuatında dərc olunan bu qəbildən yazılar geniş əks-səda yaradıb. “Moskovskiy Komsomolets” qəzetinin məlumatına görə, bu ittiham Paşinyanı dəstəkləyən media tərəfindən də gündəmə gətirildiyinə görə bazaya hücum siqnalının ən yuxarıdan gəldiyi şübhəsizdir. 102-ci bazaya qarşı ittiham irəli sürən hər iki QHT uzun illərdir ki, Soros Fondu kimi tanınan Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşdirilir. “Hər iki QHT 2018-ci il “məxməri inqilab”ı fəal şəkildə dəstəkləyib, birbaşa iştirak edib.
Rus hərbi bazasının Ermənistanda çevrilişə cəhd etməsi inandırıcıdırmı, yoxsa hökumətin seçki təbliğatıdır?
Deputat Günay Ağamalı Musavat.com-a deyib ki, seçkilər yaxınlaşdıqca daxili siyasi gərginliyin artması gözlənilən idi: “Bu gün baş verənlər onu göstərir ki, Paşinyan hakimiyyəti ilə Rusiya arasında münasibətlər getdikcə daha açıq qarşıdurma mərhələsinə keçir. Gümrüdəki 102-ci hərbi baza ətrafında səsləndirilən ittihamlar da məhz bu siyasi fonun tərkib hissəsi kimi görünür. Rusiya Ermənistanda təsir imkanlarını itirmək istəmir. Çünki Ermənistan uzun illər Moskvanın Cənubi Qafqazdakı əsas dayaq nöqtələrindən olub. Paşinyanın son illərdə Qərbə yaxınlaşma siyasəti, KTMT və Rusiya ilə bağlı sərt açıqlamaları Kreml daxilində ciddi narahatlıq yaradıb. Ona görə də seçki dönəmində müxtəlif təsir mexanizmlərinin işə salınması ehtimalını tam istisna etmək olmaz”.

G.Ağamalının sözlərinə görə, hakimiyyət uğrunda mübarizə artıq ideoloji savaş həddinə çatıb: “Paşinyan komandası seçkilər öncəsi öz elektoratını səfərbər etmək üçün “xarici təhlükə”, “köhnə sistem”, “Rusiya müdaxiləsi” sözlərindən geniş istifadə edir. Bu, həm daxildə rəqibləri zəiflətmək, həm də Qərbə siyasi mesaj vermək məqsədi daşıyır. Burada diqqət çəkən başqa bir məqam isə din faktorunun prosesə daxil edilməsidir. Rus Pravoslav Kilsəsinin adı ətrafında aparılan kampaniya onu göstərir ki, Ermənistanda siyasi, geosiyasi və sivilizasiya xarakterli qarşıdurma gedir. Ermənistan cəmiyyəti faktiki olaraq Rusiya və Qərb arasında seçim dilemması ilə üz-üzədir. Baş verənlər onu göstərir ki, Ermənistanda sabit siyasi kurs formalaşmayıb. Ölkə uzun illər müxtəlif güc mərkəzlərinin təsiri altında qaldığı üçün indi hər seçki dövründə bu toqquşmalar daha sərt şəkildə üzə çıxır. Gümrü bazası ətrafında yaranan qalmaqal rəsmi Moskvanın İrəvana göndərdiyi siyasi mesajdır. Paşinyan hakimiyyəti anlayır ki, Ermənistanın gələcəyi köhnə revanşist düşüncə ilə deyil, regionda yeni reallıqları qəbul edən siyasi yanaşma ilə mümkündür”.


