Hal-hazırda Azərbaycan iqtisadiyyatının liberallaşması üçün mövcud şərait varmı?- Vacib amillər AÇIQLANDIbackend

Hal-hazırda Azərbaycan iqtisadiyyatının liberallaşması üçün mövcud şərait varmı?- Vacib amillər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Prezident İlham Əliyev bir çox zaman öz çıxışlarında Azərbaycan iqtisadiyyatının liberallaşdırılmasının gərəkdiyini bildirir. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, ciddi addımların atılması labüddür. Liberal iqtisadiyyat isə xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması və üstün mövqe tutması, təsərrüfat qanunvericiliyinin onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması, dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi, əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi, sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması, ümumi milli məhsulda dövlət büdcəsinin payının az olması və sair bu kimi prinsiplərlə xarakterizə olunur.

Maraqlıdır, hal-hazırda Azərbaycan iqtisadiyyatının liberallaşması üçün mövcud şərait varmı?

İqtisadçı-ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bildirib ki, liberal iqtisadiyyatda xüsusi mülkiyyətin payı çox olur:

“Eyni zamanda, təsərrüfat subyektlərinə bilavasitə qanunvericiliyin, dövlətin təsirləri minimum olur. Dövlət sadəcə məhdud xarakterli tənzimləmə funksiyaları həyata keçirir. Bir çox  sosial problemləri belə iqtisadiyyat özü tənzimləyir. Prinsip etibarilə iqtisadiyyatda görünməyən əl mühüm rol oynayır. Ümumi daxili məhsulda dövlət büdcəsinin vəsaitlərinin həcmi az, daha çox özəl təsərrüfat subyektlərinin yaratdığı məhsulun həcmi  xüsusi çəkiyə malik olur. Belə bir iqtisadi sistemi qurmaq üçün isə mütləq şəkildə azad rəqabət mühiti olmalıdır”.

E. Əmirovun sözlərinə görə, azad rəqabətin olmadığı təqdirdə liberal iqtisadiyyatın qurulması  mümkünsüzdür:

“Liberal iqtisadiyyat maksimal azad rəqabətin mövcudluğu şəraitində mümkündür. Azərbaycanda isə 2006-cı ildən bu yana 16 ildir ki, “Rəqabət Məcəlləsi” qəbul edilmir. Liberal iqtisadiyyata keçidlə bağlı strateji  yol xəritələrinin, proqramların hazırlanmasında problemlərin yaranması da burada qaynaqlanır. Hətta 2020-ci ildə bu istiqamətdə strateji yol xəritələrində müddəalardan biri manatın üzən məzənnəyə keçməsi ilə bağlı idi. Ancaq sonrakı prosesdə Mərkəzi Bank hazırkı mövcud iqtisadi durumla əlaqədar bunun mümkün olmadığını qeyd etdi. Əgər bir ölkənin milli valyutası Mərkəzi Bankı tərəfindən inzibati qaydada tənzimlənirsə, məzənnə inzibati qaydada təyin edilirsə, o zaman liberal iqtisadiyyatdan danışmaq üçün hələ çox tezdir. Liberal iqtisadiyyata nail olmaqdan ötrü rəqabət mühiti olmalı, bu şəraitdə təsərrüfat subyektləri inkişaf etməli, milli valyuta iqtisadi qanunlarla tənzimlənməlidir. Bu məsələlər baza prinsipləridir. Azərbaycanda isə buna nail olunmayıb. Ölkəmizdə hazırki iqtisadi vəziyyətlə manatı üzən məzənnə rejiminə buraxsaq fəsadlar daha böyük olar. Ölkənin hazırki iqtisadi durumu mütləq şəkildə dövlətin müdaxiləsini zəruri edir. Hökumətin müdaxiləsi sayəsində makroiqtisadi tarazlıq qorunub saxlanılır. Əgər bir iqtisadi sistemdə ölkə öz milli iqtisadiyyatını dünyanın bu günkü axın istiqaməti üzrə inkişafını, xarici təsirlərdən müdafiəsini, idxaldan aslılığının azaldılmasını və bütün mənalarda inkişafını istəyirsə, mütləq şəkildə liberal iqtisadi sistemi qurmalıdır. Çünki bu sistem daha dayanıqlı və problemlərə daha çevik olur. Bu səbəbdən liberal iqtisadiyyat arzulanan ən uyğun iqtisadi formadır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.