İmtahanlarda 700 bal toplayanların sayı niyə azalır?-  “Suallar hər zaman oxumayanlar üçün çətindir”backend

İmtahanlarda 700 bal toplayanların sayı niyə azalır?-  “Suallar hər zaman oxumayanlar üçün çətindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində heç bir abituriyentin maksimum nəticə (700 bal) toplaya bilməməsi bu ilki qəbul suallarının səviyyəsi və nəticələri barədə bir çox suallar doğurur. Sosial şəbəkələrdə bəzi abituriyentlər imtahan suallarının çətinliyindən bəziləri isə səhv yoxlamalardan şikayət edir.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı müvafiq olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili imtahanlarında maksimum nəticə toplayan olmayıb:

“Ümumiyyətlə son dövrlər qəbul imtahanlarının nəticələri arasında 700 bal çox azdır. Bunun da səbəbi 2019-cu ildən etibarən qəbul imtahanlarının kurikulum sistemi əsasında keçirilməsidir. Burada situasiya tipli açıq suallar öz əksini tapır və şagirdlər bu zaman maksimum nəticəni əldə edə bilmirlər. Kurikulumdan əvvəl 2018-ci il qəbul imtahanlarında 29 nəfər maksimum nəticəni əldə etdi. Ancaq kurikulumun tətbiqindən sonra bu say kəskin şəkildə azaldı. Bu il 700 bal toplayan abituriyent olacağını gözləmirəm. Pandemiyanın yaratdığı fəsadlar səbəbindən abituriyentlərin imtahanlara sistemli şəkildə hazırlaşmamaları və müvafiq olaraq kurikulumla işləmək bacarığının olmaması kimi amillər imtahan nəticələrinə təsir edir”.

Təhsil eksperti bildirib ki, DİM imtahan suallarının səviyyəsini hər il sadə, orta və çətin olmaqla eyni təyin edir:

“Bu il də eyni meyarlar əsasında imtahan keçiridi. İmtahanların səviyyəsi şagirdlərin faktiki təhsil aldıqları tədris proqramına əsaslanır. Burada birmənalı şəkildə DİM-i günahlandırmaq olmaz. Ancaq qəbul imtahan sisteminin dəyişdirilməsi yüksək bal toplayanların sayının azalması ilə nəticələndi. Onu da qeyd edim ki, əgər maksimum nəticə yoxdursa, bu o demək deyil ki, təhsilin keyfiyyət göstəriciləri olduqca aşağıdır. 700 bal toplayan tələbə olmasa belə yüksək bal toplayanların sayı çox oldu”.

Təhsil eksperti Adil Vəliyev Editor.az-a bildirib ki, 700 bal toplamaq təhsilin səviyyəsini müəyyənləşdirmir:

“Əvvəlki illərdə maksimum nəticə toplayan şagirdlərin sayı çox olduqda belə digərləri sualların çətinliyindən narazı olanlar olub və ya əksinə, bu balı toplayan olmadıqda belə əvvəlki illərə nisbətdə sualların asan olduğunu da deyənlər olur. 700 bal 30 faiz şansdan aslı olan bir rəqəmdir. Çünki kiçik mexaniki səhv belə bu balı toplamağa mane olur. Bu il maksimum nəticə toplayan olmasa da ümumi nəticələr pis deyil. Qarşıda ikinci şans imtahanı da var. Şagirdlər öz üzərilərində daha çox işləyib topladıqları balları qaldıra bilər. Abituriyentlər ən çox açıq tipli suallarda etdikləri texniki səhvləri diqqətə çatdırırlar. Belə olduqda apellyasiyaya şikayət etdikdə DİM bunları nəzərə alaraq sualı abituriyentin istədiyi kimi qiymətləndirir. DİM hər zaman bacardığı qədər abituriyentlərin şikayətlərinə obyektiv yanaşıb. Bu ilin də buraxılış imtahanlarında səhv yoxlamalar olub. Ancaq hesab edirəm ki, bundan sonra imtahan sualları daha diqqətli yoxlanılacaq, çünki hər səhv birbaşa abituriyentlərin gələcəyinə təsir edə bilər. Tanıdığım kifayət qədər marker və eyni zamanda sualları hazırlayan müəllimlər var. Onlar da sualların abituriyentlərin ümumi səviyyəsinə uyğun və dərsliklərdən kənar olmadığını bildirirlər. Hesab edirəm ki, suallar hər zaman oxumayanlar üçün çətinliklər yaradır. Bu prosesdə ən çox şikayətlər sualların yoxlanması barədə oldu”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.