“İran udmaq istədiyi müstəvidə uduzmağa başlayıb”-Əsl məqsəd nədir?-AÇIQLAMA  backend

“İran udmaq istədiyi müstəvidə uduzmağa başlayıb”-Əsl məqsəd nədir?-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Ukraynadakı müharibəyə qatılmasının bir neçə məqsədi var. İran indiyə kimi Rusiya Silahlı Qüvvələrinə  “Şahid-136” Pilotsuz Uçuş Aparatlarını verib. Bunlar Amerika və İsrail PUA-larının keyfiyyətsiz təkrarıdır. Həmin PUA-ları istehsal etmək o qədər də böyük vəsait tələb etmir”.

Bu fikirləri Editor.az-a açıqlamasında araşdırmaçı jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın raket arsenalı ilə bağlı ciddi problemləri var: “ Ukrayna müharibəsi gedişində Rusiya tez- tez qanadlı raketlərlə zərbələr endirirdi. Bu raketlər əsasən dənizdən atılan “Kalibr” Qanadlı Raketidir. Rusiya “Oniks” və Sovet vaxtında istehsal olunmuş “X” seriyalı “X-55”, “X-22”, “X-101” raketlərindən istifadə edir. Yəni, iş o yerə çatıb ki, Sovet dövründən qalma anbarlar açılır və həmin dövrə aid raketlər istifadə olunur”.

Elçin Alıoğlunun fikrincə, İranın Rusiyaya PUA verməsində  müxtəlif məqsədləri var: “ Rəsmi Tehranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 24 zabiti Ukraynanın işğal edilmiş Zaparojye, Donetsk, Luqansk, Xerson vilayətlərində ruslara təlimlər keçib, PUA-lardan istifadə qaydalarını öyrədirlər. Amma bu PUA-ların özü-özlüyündə keyfiyyəti çox aşağıdır. Çünki, “Şahid” və “Mühacir” PUA-ları Yaxın Şərqdə terror savaşı üçün nəzərdə tutulmuşdur.  Asimmetrik savaşlar üçün isə pis deyil. Lakin genişmiqyaslı hərbi münaqişə üçün bu raketlər olduqca keyfiyyətsizdir. Rusiya və İranın hərbi analitikləri bildiriblər ki, “Şahid”-lər guya “Bayraqdar”-ın  analoqudur. Bu, belə deyil. “Şahid-136” PUA-ları keyfiyyət cəhətdən aşağı olmaqla bərabər  kiçik təyyarədir”.

Jurnalist qeyd edir ki, İran Rusiyaya “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini verməyə hazırlaşır:

“Bu raketlərin uçuş məsafəsi müvafiq olaraq 300-700 km-dır. Yaxın Şərq və Şimali Afrikada müharibələr üçün yaxşı hesab edilə bilər, amma Ukrayna kimi bir ölkənin hava hücumundan müdafiəsi üçün tamamilə yararsızdır. Eyni zamanda, Rusiyanın İrandan raket alması onu göstərir ki, hərbi potensialı tükənib. Çünki Qərbin tətbiq etdiyi genişmiqyaslı sanksiyalar nəticəsində Rusiya artıq raket istehsalını reallaşdıra bilmir. Ona görə də məcbur qalıb Şimalı Koreyadan, İrandan Ukraynaya qarşı istifadə etmək üçün silah alır. İran hal-hazırda Rusiyanın əli ilə ABŞ-a qarşı yeni “proksi-müharibə” aparır, öz maraqlarını aktiv olaraq müdafiə edir. Belə bir şəraitdə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqları dayandırmaq olar. ABŞ da bunu edir. Amma İranı ABŞ-ın addımları qorxutmur. Çünki rəsmi Tehranım əsas məqsədi Azərbaycanın cənubunda “Qüdrətli İran” təlimlərinin keçirilməsi, təxminən 120 min hərbçinin cəlb edilməsidir. Məqsəd Bakını qorxutmaq yox, Qərbə bir mesaj verməkdir. Hərbi təlimlərdə bir çox köhnə texnikalardan istifadə olunur. Eyni zamanda İranın digər əsas məqsədi Qərbi tətbiq etdiyi sanksiyalarını ləğv edərək İran neftini əldə etmətə vadar etməkdir. Məsələ bu qədər bəsitdir. İran düşünür ki, Qərb özü ondan neft istəyəcək. Amma məsələ belə deyil. İran artıq ilkin məqsədinə çatıb. Belə ki, “Mühacir” və “Şahid” PUA-ları müqabilində Rusiyadan “SU” markalı bir neçə qırıcı təyyarə alıb. Lakin burada Moskva Tehranın oyunu ilə oynamağa məcburdur”.

E.Alıoğlunun fikirlərinə əsasən, Ukrayna XİN bəyan edib ki, İran Rusiyanı silahlandırdığına görə çox ağır sanksiyalara məruz qalacaq və cəzalandırılacaq: “ Bu, biraz gülünc səslənir. Ona görə ki, İranın artıq cəzalanma limiti bitib. İrana qarşı mümkün ola biləcək bütün sanksiyalar tətbiq olunub. Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, Ukrayna ilə İran arasında bütün əlaqələr kəsiləcək. Qeyd edək ki,  Ukrayna və İran arasında ticarət mübadiləsi təxminən 301.2 milyon dollardır. Bu mübadilə İran üçün heçnədir. İkinci məsələ isə İran bildirir ki, əgər Qərb Ukraynaya silah satacaqsa, İran da Rusiyaya satacaq. Düzdür, bunu açıq şəkildə bildirmir, əksinə təkzib etməyə çalışırlar. Münasibətlərin kəskinləşməsinə gəldikdə isə İranın bəlkə də heç müttəfiqlikdə marağı yoxdur. İran Kiyev hədələrindən çəkinmir və özü hədələməyə başlayıb,  hal-hazırda isə öz məqsədlərini reallaşdırmağa çalışır. Amma bu məqsədlərin nə dərəcədə reallaşacağı çox böyük sual altındadır. Çünki İran udmaq istədiyi müstəvilərdə uduzmağa başlayacaq”.

//Safura Bənnayeva, Editor.az