Liberal iqtisadiyyata keçidin vacibliyi: “Qeyri-neft sektoru inkişaf etməlidir”backend

Liberal iqtisadiyyata keçidin vacibliyi: “Qeyri-neft sektoru inkişaf etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

“Azərbaycan iqtisadiyyatı özü-özünü tənzimləyir. Belə ki, liberal iqtisadiyyat şəraitində dövlət iqtisadiyyata ya az ya da ümumiyyətlə müdaxilə etmir. Yalnız əlində olan vergi və rüsumlar vasitəsilə iqtisadiyyatı tənzimləyir, iqtisadi subyektlərə heç bir diktə etmir, təsərrüfat fəaliyyətinə qarışmır, sadəcə olaraq iqtisadiyyatda əldə olunan gəlirlərdən dövlət büdcəsinə mədaxili, vergi və rüsumların toplanmasını təşkil edir, əlindəki bu vasitələrlə də iqtisadiyyatda gedən proseslərə təsir edir. Bu isə o deməkdir ki, liberal iqtisadiyyat şəraitində özəl sektorun payı maksimum təşkil edir, dövlət büdcəsinə və inhisarına malik istehsal, xidmət sahələri mövcud olmur, dövlətin tabeliyində iqtisadiyyata daxil heç bir subyekt fəaliyyət göstərmir. Bu, liberal iqtisadiyyatdır”.

Bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov Editor.az-a  Azərbaycanda liberal iqtisadiyyatın inkişafı ilə bağlı şərhində deyib.

İqtisadçı ölkəmizdə liberal iqtisadiyyata keçidin vacibliyinə də toxunub:

“İqtisadi inkişaf prosesindəki artımda dövlətin məsuliyyəti aradan götürülür və rəqabət amili yüksəlir, beləliklə iqtisadi subyektlər arasında münasibətlər güclü rəqabət şəraitində təmin olunur. Rəqabət isə yüksək inkişafın şərtidir. Belə ki, rəqabət olmayan yerdə inkişafdan danışmaq olmaz. Azərbaycan hökumətinin qarşısına qoyduğu ən ümdə vəzifələrdən biri iqtisadiyyatda liberallaşmanı yüksək səviyyədə təmin etmək və bacardıqca iqtisadiyyata az müdaxilə etməkdir. Dövlət nəzarətində heç bir subyekt, istehsal sahəsi, xidmət sferası mövcud olmamalıdır. Ancaq biz buna hələ ki nail olmamışıq. Ona görə ki, Azərbaycanda ölkə iqtisadiyyatının inkişafı birtərəfli xarakter daşıyır. Ölkə iqtisadiyyatının əsası neft-qaz sektorunun gəlirlərindən aslıdır. Neft-qaz sektoru da dövlət inhisarındadır.  Dövlətin inhisarda saxlamağa məcbur olduğu, qiymətlər baxımdan tənzimləməyə məcbur sayılan bir sıra sferalar var ki, hələ də iqtisadiyyat üzərində az da olsa hökmranlığını saxlamaqda davam edir. Nə qədər ki, ölkə  iqtisadiyyatının inkişafında birtərəfli inkişaf aradan qalxacaq, qeyri-neft, qaz sektoru əsas gəlir mənbəyinə çevriləcək ixrac potensialında valyuta gətirən mənbələrin sayı çoxalacaq, o zaman ölkədə liberal iqtisadiyyatın mövcudluğundan danışa bilərik.  Ancaq hazırda dövlət proqramları, layihələri, sərəncamları, fərmanları ilə sözügedən iqtisadiyyatı yaratmaq mümkün deyil. Buna zaman lazımdır. Bunun üçün ən başlıcası qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektoruna isə investisiya yatırmamışdan qabaq xarici bazarlar öyrənilməli, daxili tələbatın strukturu nəzərdən keçirilməli, bununla elə bir rəqabət qabiliyyətli məhsul istehsal olunmalıdır ki, o təkcə daxili istehlakda deyil, həm də xaricdə öz sözünü desin. Liberal iqtisadiyyatın Azərbaycanda tam olaraq bərqərar olması hələ çox işlər görməyi zəruri sayır və buna isə yəqin ki növbəti onilliklər ərzində nail ola biləcəyik. Qaz-neft sektoru hələ ki iqtisadiyyatda dominat rol oynayır. Bu da liberal iqtisadiyyatın tam olaraq formalaşmasını bir müddət ləngidəcək”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, Azərbaycan praktiki olaraq liberal iqtisadiyyatı tətbiq edən ölkələrdəndir:

“Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması və ya bütövlükdə gizli iqtisadiyyata qarşı mübarizə tədbirləri daha çox 2018-ci ildən etibarən sürətləndi.
Belə ki, liberal iqtisadiyyatın formalaşması istiqamətində işlər davam edir. Sözsüz ki, tam formalaşma müəyyən zaman tələb edir .Azərbaycan növbəti dövrlərdə iqtisadiyyatda sahibkarın payının və rolunun artırılmasına nail olmaq niyyətindədir. Bu baxımdan bazarın tamamilə liberallaşması, monopoliyanın tamamilə minumumlaşdırlması, dövlət satınalmalarının təkmilləşdirilməsi və rəqabətin təmin edilməsi çox vacibdir. Ancaq Azərbaycanda liberal iqtisadiyyatın dəstəklənməsi ilə  innovativ iqtisadiyyatın formalaşması  strateji məqsəddir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.