Şimali Atlantika Alyansı (NATO) Rusiyanı tamamilə mühasirəyə almaq və cilovlamaq məqsədilə Baltik dənizində keçilməz bir hərbi qala inşa etməyə başlayıb.
bu barədə dünyanın ən nüfuzlu nəşrlərindən olan “Politico” genişhəcmli analitik material dərc edib.
Söhbət Rusiyanın hərbi forpostu sayılan Kalininqrad vilayətindən cəmi 300 kilometr məsafədə yerləşən İsveçin strateji Qotland adasından gedir. Alyans rəsmiləri bu adanı regionun ən mühüm və həlledici coğrafi nöqtəsi hesab edirlər.
Ekspertlərin rəyinə görə, Rusiya ilə mümkün genişmiqyaslı müharibə başlayacağı təqdirdə, Qotland adası NATO aviasiyası, güclü Hava Hücumundan Müdafiə (HHM) sistemləri və qoşunların operativ şəkildə cəbhəyə köçürülməsi üçün əsas hərbi baza rolunu oynayacaq. Artıq İsveç tərəfi adadakı hərbi kontingentini və silahlanmanı kəskin şəkildə artırmağa başlayıb, NATO isə bölgədə görünməmiş miqyasda hərbi təlimlər həyata keçirir.
Son məlumatlara görə, adada reallaşan irimiqyaslı manevrlərə 13 fərqli ölkədən təxminən 18 min hərbçi cəlb olunub. İsveç Silahlı Qüvvələrinin komandanı Mikael Klasson isə mövcud vəziyyətin kritikliyini diqqətə çatdıraraq, Rusiyanın hər an qəfil hücuma keçə biləcəyi barədə dünyaya xəbərdarlıq edib.
Musavat.com


