Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi mübarizə daha da kəskinləşir və ölkədə seçki öncəsi gərginlik hiss olunacaq dərəcədə artır.
Hakimiyyət və müxalif düşərgələr arasında rəqabət artıq təkcə siyasi ritorika ilə deyil, həm də ictimai dəstək uğrunda ciddi kampaniya mərhələsinə keçib. Hazırkı vəziyyət isə seçkilərin nəticəsinin əvvəlcədən qəti şəkildə proqnozlaşdırılmasını çətinləşdirir, çünki ictimai rəydə parçalanma və dəyişkən seçici davranışı açıq şəkildə müşahidə olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, bu gün Cənubi Qafqazda əhəmiyyətli bir dönəmə şahidlik edirik:
“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi mübarizə daha da sərtləşir. Hazırkı mənzərə göstərir ki, əsas qarşıdurma baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” komandası ilə revanşist və Rusiyayönümlü müxalifət arasında gedəcək. 7 iyunda keçiriləcək seçkilərdə həm iqtidar, həm də müxalifət bunu Ermənistanın gələcək geosiyasi kursu üçün “taleyüklü referendum” kimi təqdim edir.
Hazırda formal olaraq, üstünlük hələ də Paşinyanın tərəfindədir. Bunun əsas səbəbi də dövlət resurslarına nəzarət, seçki maşınının işlək olması və müxalifətin tam vahid mövqedən çıxış edə bilməməsidir. Bütün bunlara baxmayaraq, əvvəlki seçkilərə nəzərən Paşinyanın ictimai dayaqları az da olsa, zəifləyib. Azərbaycanın Ermənistan üzərindəki qalibiyyətindən sonra 2021-ci ildə Paşinyanın yenidən seçilməsinə baxmayaraq, bu gün yenə də rəqibləri onun qarşısına Qarabağ məsələsindəki məğlubiyyət, sərhəd kompromisləri və kilsə ilə hakimiyyət arasında yaranan gərginliyi çıxarır, onun elektorat itirməsi üçün ciddi şəkildə təbliğat aparırlar”.
Siyasi şərhçi bildirib ki, müxalif düşərgədə ən diqqətçəkən fiqurlardan biri erməni əsilli rusiyalı milyarder Samvel Karapetyandır:
“Onun yaratdığı hərəkat İrəvanda sosial dəstək toplamağa başlayıb. Bəzi sorğularda Paşinyanla Karapetyan arasında fərqin minimum səviyyədə olduğu, hətta paytaxtda Karapetyanın öndə göründüyü bildirilir. Zənnimcə, bu mənzərənin olmasına baxmayaraq, Paşinyanı seçkidə məğlub etmək üçün bütün bunlar kifayət deyil. Paşinyan dünyaya yeni, suveren Ermənistan təqdim etmək üçün çalışır.

Tamilla Qulami
Paşinyan üçün rəqib olduğunu iddia edən keçmiş prezident Robert Köçəryan “Hayastan” bloku ilə seçkiyə qatılıb. Lakin Köçəryanın Ermənistan cəmiyyətində ciddi anti-reytinqi var. Bu səbəbdən müxalifətin əsas problemi odur ki, Paşinyana qarşı olan elektorat bir mərkəzdə birləşmir, belə görünür, birləşə bilməyəcək də. Hazırkı mərhələdə ən real ssenari Paşinyan partiyasının birinci olacağıdır”.
Siyasi şərhçi qeyd edib ki, son dövrlərdə Rusiyayönümlü qüvvələrin təsiri əvvəlki illərlə müqayisədə artıb:
“Açıq-aşkar iqtisadi məsələlərdə Rusiyanın özü Ermənistanı təhdid edir. Amma düşünürəm ki, Paşinyan seçkilərdə qalib olacağı təqdirdə, Rusiya Prezidenti Vladimir Putinin onunla ortaq məxrəcə gəlməkdən başqa seçimi qalmayacaq. Çünki Rusiyanın Cənubi Qafqazda mövcudluğunu saxlaya bilməsinə səbəb olan ölkə Ermənistandır.
Beləliklə, Ermənistanda seçkinin taleyini Qarabağ mövzusunun kampaniyada nə qədər emosional istifadə olunması, Ermənistan-Rusiya münasibətlərinin seçkiyə hansı həddə təsir etməsi, Qərblə yaxınlaşmanın erməni cəmiyyətində təhlükəsizlik narahatlığı yaradıb-yaratmaması əsasları müəyyən edəcək.
Ümumilikdə qeyd edim ki, Ermənistan uzun illərdən sonra ən gərgin və qeyri-müəyyən parlament seçkilərindən birinə gedir. Bu seçkini təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin Qərblə Rusiya arasındakı seçimi kimi də dəyərləndirmək olar”.


