Yapon alimləri beyin hüceyrələrini bərpa etməyə kömək edə biləcək yeni vitamin K forması hazırlayıblar.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri ACS Chemical Neuroscience jurnalında dərc olunub.
Məlumata görə, Shibaura Institute of Technology alimləri vitamin K-nın aktiv forması olan menaxinon-4 (MK-4) əsasında yeni birləşmələr yaradıblar. Tədqiqat çərçivəsində mütəxəssislər vitamin K-nı A vitamini ilə əlaqəli komponentlərlə birləşdirərək 12 yeni molekul sintez ediblər.
Bəzi birləşmələrin tərkibində neyronların inkişafını aktivləşdirə bilən retinoik turşu da olub. Alimlərin sözlərinə görə, neyronlar insan orqanizmində bütün həyati proseslərin tənzimlənməsində əsas rol oynayır. Bu hüceyrələrin məhv olması isə Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklər zamanı müşahidə olunan yaddaş, hərəkət və davranış pozuntularına səbəb olur.
Araşdırma zamanı alimlər müəyyən ediblər ki, əldə olunan yeni molekullardan biri neyron kök hüceyrələrinin tam funksional neyronlara çevrilməsini adi vitamin K ilə müqayisədə təxminən üç dəfə daha effektiv şəkildə stimullaşdırır.
Tədqiqat müəllifləri qeyd edirlər ki, hazırda neyrodegenerativ xəstəliklərə qarşı istifadə olunan dərmanların əksəriyyəti yalnız xəstəliyin inkişafını ləngidir və ya simptomları zəiflədir. Yeni texnologiya isə gələcəkdə zədələnmiş sinir toxumasının bərpasına imkan yarada bilər.
Heyvanlar üzərində aparılan sınaqlarda yeni birləşmənin qan-beyin baryerini uğurla keçdiyi və təbii vitamin K forması ilə müqayisədə beyində daha yüksək aktiv maddə səviyyəsi yaratdığı müəyyən olunub. Bundan əlavə, alimlər birləşmənin yaddaş və hərəkət funksiyaları ilə əlaqəli olan mGluR1 reseptoru ilə qarşılıqlı təsir göstərdiyini açıqlayıblar. Onların fikrincə, məhz bu mexanizm sinir toxumasının bərpasını işə sala bilər.
Hazırda texnologiya yalnız laboratoriya və heyvan sınaqları mərhələsindədir. Buna baxmayaraq, tədqiqatçılar hesab edirlər ki, bu inkişaf gələcəkdə yeni nəsil neyrodegenerativ xəstəlik dərmanlarının hazırlanmasına zəmin yarada bilər.
//Gülnarə Abasova, Editor.az


