ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının 75 ölkədən olan müraciətçilərə immiqrant vizalarının verilməsini dayandıran siyasətini qanunsuz hesab edərək ləğv edib.
bu barədə “Reuters” məlumat yayıb.
Söhbət Dövlət Departamentinin yanvar ayında tətbiq etdiyi və Azərbaycan da daxil olmaqla 75 ölkədən olan şəxslərə immiqrant vizalarının verilməsini dayandıran siyasətdən gedir. Məhdudiyyət Latın Amerikası, Balkanlar, Cənubi Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsində yerləşən ölkələri əhatə edirdi.
Dövlət Departamenti məhdudiyyəti tətbiq edərkən həmin ölkələrdən gələn şəxslərin ABŞ-də dövlət vəsaitlərindən və sosial yardımlardan istifadə edə biləcəkləri ilə bağlı narahatlığı əsas gətirmişdi.
Məhkəmə işi miqrantların hüquqlarını müdafiə edən “Catholic Legal Immigration Network” və “African Communities Together” təşkilatları, eləcə də viza üçün müraciət edən şəxslər və xaricdə yaşayan ailə üzvlərinə sponsorluq edən ABŞ vətəndaşları tərəfindən qaldırılmışdı. Məlumata əsasən, Dövlət Departamenti məhkəmənin qərarı ilə bağlı sorğuya dərhal cavab verməyib.
Qeyd edək ki, sözügedən məhdudiyyət turist və digər müvəqqəti vizalara deyil, ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulan immiqrant vizalarına aid idi.
Musavat.com

