Paşinyan erməni cəmiyyətinə yeni mesaj verir: “Ən yaxşısı heç kimlə düşmən olmamaqdır”backend

Paşinyan erməni cəmiyyətinə yeni mesaj verir: “Ən yaxşısı heç kimlə düşmən olmamaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın son açıqlamaları Ermənistanın uzun illər formalaşmış siyasi və ictimai yanaşmalarında dəyişiklik yaratmaq cəhdlərinin davamı kimi qiymətləndirilə bilər. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin yeni reallıqlar fonunda nəzərdən keçirilməsi Ermənistanın həm regional mövqeyi, həm də gələcək təhlükəsizlik modeli baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Paşinyanın ritorikasında müşahidə olunan dəyişiklik yalnız daxili auditoriyaya hesablanmış siyasi mesaj deyil, eyni zamanda Cənubi Qafqazda yeni münasibətlər sisteminə uyğunlaşmaq cəhdi kimi də dəyərləndirilə bilər.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan erməni cəmiyyətini gələcəyə hazırlayır:

“Çoxəsrlik stereotipləri qırmaq istəyir. Erməni cəmiyyətinə bu günə kimi getdikləri yolun yanlış olduğunu başa salır. Bu yolun onlara son nəticədə heç nə vermədiyini, əksinə, uçuruma apardığını bildirir. Erməni cəmiyyətinə düşmən obrazı olmadan, qan-qadasız həyat vəd edir. Erməni cəmiyyətinin yaddaşından məlum pislikləri silib atmağı məsləhət görür.

Əslində, Paşinyanın istədiyi erməni cəmiyyətinin gələcəyi üçün vacib məsələdir. Təhlükəsizlik qarantiyasıdır. Müasir dünyada Ermənistanın gələcəyi bu günə kimi düşmənçilik etdiyi Azərbaycan və Türkiyənin yürüdəcəyi siyasətdən asılı olacaq. Yaxın qonşuları ilə dostluq və əməkdaşlıq Ermənistanın əsas prioriteti olmalıdır. Görünən odur ki, Ermənistan dövləti kimi bu məsələnin mahiyyətini anlayıb. İndi qalır erməni cəmiyyəti. Hesab edirəm ki, erməni cəmiyyətinin əksər hissəsi buna qənaət gətirir ki, düşmən olduğu xalq da onlara düşmən gözü ilə baxanda nəticəsi acınacaqlı olur. Ən yaxşısı heç kimlə düşmən olmamaqdır. Xüsusən də qonşular onlara dostluq əli uzadanda”.

//Gülnarə Abasova, Editor.az