Orta yaşlarda fiziki aktivliyi qorumaq sonrakı illərdə yaddaşın və digər koqnitiv qabiliyyətlərin daha yavaş zəifləməsi ilə əlaqəli ola bilər.
Editor.az xəbər verir ki, nəticəyə ABŞ-ın San-Antoniodakı Texas Universitetinin SağlamlıqBu Elmləri Mərkəzinin alimləri gəliblər.
Araşdırmada orta yaşı 57,9 olan 402 nəfər iştirak edib. Alimlər iştirakçıların ürək-damar sağlamlığını fiziki aktivlik, qidalanma, siqaret istifadəsi, arterial təzyiq, bədən kütləsi indeksi, xolesterin və acqarına qlükoza səviyyəsi kimi göstəriciləri nəzərə alan xüsusi sistem vasitəsilə qiymətləndiriblər. İştirakçıların koqnitiv qabiliyyətləri müşahidə müddətində dörd dəfəyə qədər yoxlanılıb.
Ən nəzərəçarpan əlaqə meksikalı əsilli amerikalılar arasında müşahidə olunub. İstənilən növ fiziki məşqlə məşğul olan şəxslərdə hərəkətsiz həyat tərzi keçirən insanlarla müqayisədə koqnitiv qabiliyyətlərin daha yavaş zəiflədiyi müəyyən edilib.
Bununla belə, alimlər yaddaşın qorunması üçün hansı müddətdə və hansı intensivlikdə məşq edilməli olduğunu müəyyənləşdirə bilməyiblər. Tədqiqat yalnız fiziki aktivliklə koqnitiv sağlamlıq arasında əlaqənin olduğunu göstərir.
Avropa mənşəli iştirakçılarda isə koqnitiv qabiliyyətlərin dəyişməsi ilə ən güclü əlaqə acqarına qlükoza səviyyəsində müşahidə olunub. Qlükoza göstəricisinin 126 mq/dl-ə qədər olması daha yavaş koqnitiv zəifləmə ilə əlaqələndirilib.
Alimlər vurğulayıblar ki, fiziki aktivlik və ürək-damar sağlamlığının əsas göstəricilərinə nəzarət insanın dəyişdirə biləcəyi amillər sırasındadır. Bu səbəbdən orta yaşlarda müntəzəm hərəkətlilik və normal qlükoza səviyyəsinin qorunması yaşla əlaqəli yaddaş və digər koqnitiv funksiyaların zəifləməsinin qarşısının alınması strategiyasının bir hissəsi ola bilər.
//Gülnarə Abasova, Editor.az

