ABŞ İrana qarşı müharibəni niyə təxirə salır? – Trampın hesabı nədir?-AÇIQLAMAbackend

ABŞ İrana qarşı müharibəni niyə təxirə salır? – Trampın hesabı nədir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları təxirə salaraq iqtisadi təzyiq və blokada siyasətinə üstünlük verməsi Vaşinqtonun Tehranla bağlı strategiyasında yeni mərhələyə işarə edir. Bu qərarın arxasında hərbi əməliyyatların yüksək maliyyə yükü, diplomatik kanalların tamamilə bağlanmaması və İran iqtisadiyyatına tətbiq olunan sanksiyaların nəticə verməsi gözləntisi dayanır. Eyni zamanda, qarşıdakı ara seçkiləri fonunda Tramp administrasiyasının uzunmüddətli və genişmiqyaslı müharibənin siyasi və iqtisadi risklərini də nəzərə aldığı görünür. Bəs ABŞ-nin hərbi əməliyyatları genişləndirmək əvəzinə təzyiq siyasətini davam etdirməsinin əsas səbəbləri nələrdir və bu strategiya Tehranı güzəştə getməyə məcbur edə bilərmi?

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti İrana qarşı siyasətində müəyyən dəyişikliklərə gedir:

“Belə ki, fevralın 28-dən başlayan aktiv hərbi əməliyyatlar təxminən 40 gün davam elədi. Ardınca diplomatik danışıqlara üstünlük verildi. Amma diplomatik danışıqlarda müəyyən nəticələr əldə olunsa da, bu, tərəflər arasında problemin tam şəkildə həlli demək olmadı. O baxımdan, təxminən bir ay öncə Amerika Birləşmiş Ştatları yenidən İranın mövqelərinə müəyyən zərbələr endirdi və fasilələrlə tərəflər qarşılıqlı zərbələr endirməyə davam etdilər.

Amerika Birləşmiş Ştatlarının prezidenti aktiv hərbi əməliyyatlar və diplomatik təmaslarla İranla hansısa bir razılaşmanın olmadığını gördüyündən, düşünürəm ki, məhz o baxımdan o, iqtisadi sanksiyalar və blokadanın daha çox effekt verəcəyinə inanır.

Və bu, doğrudan da, kifayət qədər effektiv bir silah sayılır. Belə ki, Hörmüz boğazında blokadanın tətbiqi İran iqtisadiyyatı üçün olduqca mühüm əhəmiyyətə malikdir. Yəni blokada burada davam etdiriləcəksə, bu, İran iqtisadiyyatı üçün olduqca ağır nəticələrə gətirə bilər. Çünki İranın xarici ticarət dövriyyəsinin təxminən 90%-i məhz bu boğaz vasitəsilə həyata keçirilir”.

“O baxımdan, Amerika Birləşmiş Ştatlarının prezidenti həm qarşıdakı noyabrda keçiriləcək ara seçkiləri, həm də müharibənin ağır maliyyə xərclərini nəzərə alaraq prosesi zamana yaymaq və İrana qarşı iqtisadi təzyiq rıçaqlarını həyata keçirmək niyyəti güdür, deyə düşünürəm. Və hesab edirəm ki, bu, daha çox ciddi nəticələrə gətirə bilər və effektiv bir vasitə ola bilər”, – deyə sonda politoloq qeyd edib.

//Gülnarə Abasova, Editor.az