ABŞ-da güclü və uzunmüddətli ishala səbəb ola bilən bağırsaq infeksiyası ilə bağlı xəbərdarlıq edilib. Mütəxəssislərin sözlərinə görə, tərəvəz və göyərtinin adi qaydada yuyulması bəzi təhlükəli parazitlərdən tam qorunmağa zəmanət vermir.
Editor.az xəbər verir ki, ABŞ-ın Tafts Universitetinin Qidalanma Elmi Məktəbinin dosenti, doktor Teylor Uollesin sözlərinə görə, Cyclospora cayetanensis adlı parazitdən qorunmaq üçün tərəvəz və göyərtini yalnız su ilə yumaq kifayət etməyə bilər. Mütəxəssis bu barədə RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, parazit məhsulların səthinə yapışa və tərəvəzlərin, eləcə də göyərtinin səthindəki kiçik çökəkliklərdə qala bilər. Bundan əlavə, parazit standart dezinfeksiya vasitələrinin təsirinə qarşı nisbətən davamlıdır.
Mütəxəssis hər hansı məhsul partiyasının geri çağırılması barədə rəsmi məlumat yayıldığı halda həmin məhsulların istifadə edilmədən atılmasını tövsiyə edib. Geri çağırılan məhsullarla təmasda olmuş qablar, doğrama lövhələri, soyuducunun səthləri və digər mətbəx əşyaları isə diqqətlə təmizlənməlidir.
Sözügedən parazit insanlarda siklosporoz adlı bağırsaq infeksiyasına səbəb olur. Xəstəlik əsasən sulu və uzunmüddətli ishal, qarın ağrısı, köp, ürəkbulanma, iştahasızlıq və halsızlıqla müşayiət oluna bilər.
Uolles həmçinin qeyd edib ki, siklospora insandan insana birbaşa ötürülmür. Parazitin insan orqanizmindən xaric olduqdan sonra ətraf mühitdə müəyyən müddət inkişaf etməsi tələb olunur.
Mütəxəssislər xüsusilə məhsulların geri çağırılması ilə bağlı rəsmi xəbərdarlıqların diqqətlə izlənilməsini və təhlükəli olduğu bildirilən qidalardan istifadə edilməməsini tövsiyə edirlər.
//Gülnarə Abasova, Editor.az

