Bakı–Tbilisi dəmir yolu xətti üzrə sərnişindaşıma xidmətində bilet əlçatanlığı ilə bağlı yaranan problemlər son dövrlərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə biletlərin satışa çıxarıldıqdan qısa müddət sonra tükənməsi, gediş-gəliş biletlərinin eyni vaxtda əldə edilməsində yaranan çətinliklər və onlayn satış platformasında müşahidə olunan fasilələr sərnişinlərin narazılığına səbəb olur. Mövcud vəziyyət fonunda xidmətin təşkilində tələbatın real həcminə uyğun yanaşmanın tətbiqi, sərnişinlərin ehtiyaclarının nəzərə alınması və bilet satış sisteminin təkmilləşdirilməsi məsələləri aktuallığını qoruyur. Bu çərçivədə, Bakı–Tbilisi istiqamətində sərnişindaşımanın mövcud vəziyyəti və yaranmış problemlərin mümkün səbəbləri ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslının fikirlərini təqdim edirik.
Ağ Partiyanın sədri Tural Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, sadalanan məsələlər cəmiyyətin böyük bir qismini narahat edir:
“Bunun səbəbi nədir? Çünki bu gün Azərbaycandan münasib qiymətlə çıxışın yeganə yolu qatardır. Yoxsa… Yəni təyyarə biletləri ilə müqayisədə… Düzdür, indi standartlarla müqayisə etsək, mən düşünürəm ki, bu biletlərin özlərinin də qiyməti fantastik dərəcədə şişirdilib. Çünki mən, uzun illər bizim əslimiz Ağstafadan olduğu üçün Bakı–Qazax, Bakı–Qazax–Tiflis qatarlarından istifadə etmişik və orada qiymətlər çox normaldır. Məsələn, bugünkü qiymətlərlə Bakı–Tiflis qatarının qiyməti maksimal şəkildə 30–35 manat olmalıdır. Yəni ondan o tərəfə keçə bilməməlidir… Keçməməlidir, yəni.
Amma indi kifayət qədər yüksəkdir. Bu yüksək qiymət bir tərəfə, xidmət və müştəri məmnuniyyəti də demək olar ki, çox aşağı səviyyədədir. Niyə? Çünki baxın, tələbat çoxdur, amma bu tələbatı qarşılayacaq xidmət göstərilmir. Hə, deyə bilərlər ki, qatarların sayı məhduddur, filandır… Buna ehtiyac da yoxdur. Yəni bu dəqiqə onsuz da Azərbaycan Dəmir Yollarında kifayət qədər qatar var. Çünki daxili qatar gedişləri də pandemiyadan sonra tam bərpa olunmayıb. Yəni sürət qatarları nisbətən var, amma qatarlar var ki, istehsalı köhnədir, amma kifayət qədər xidmətə yarayır. Yəni orada bəzi restavrasiya işləri görülsə və yaxud da bəzi düzəlişlər edilsə, Bakı–Tiflis marşrutu üzrə qatarların sayını artırmaq olar.
Yəni əksinə, Azərbaycan Dəmir Yolları bu məsələdən xeyir götürməlidir, faydalanmalıdır. Niyə? Çünki bazar iqtisadiyyatında əsas nədir? əsas müştəridir, yəni tələbatın olmasıdır. Əgər tələbat varsa, bunu qarşılamaq üçün qatarların əlavə olunması çıxış yolu ola bilər. Həm müştərilər uyğun qiymətə biletlər taparlar, çünki bilirsiniz, qatarların sayı artırılanda biletlərin qiymətini də endirmək olar, eyni zamanda Azərbaycan Dəmir Yolları da gəlir əldə edər”.
Onun sözlərinə görə, burada nə qatarların sayının artırılmasından, nə də reyslərin çoxaldılmasından danışılır:
“Ancaq hə, budur, belədir… Yəni müştəri məmnuniyyəti də, vətəndaşın məmnuniyyəti, vətəndaşın əziyyət çəkməməsi heç kimi narahat etmir. Yəni burada müştərinin fikri, vətəndaşın fikri sonuncu yerdədir. Heç rəy də almırlar. Yəni rəy almırlar deyəndə, heç nəzərə də almırlar. İstəyir hamı neqativ danışsın, istəyir hamı pozitiv danışsın. Yəni ona görə də belə yanaşma sərgilənir deyə düşünürəm.
Yəni çıxış yolları axtarılmır, çünki vətəndaşın mövqeyinin nəyisə həll edəcəyini düşünmürlər. Yəni, məsələn, bir çox hallarda rəhbərlik onları ora təyin edən instansiyalara xoş gəlməyə çalışır, nəinki xidmət göstərdikləri vətəndaşlara və yaxud insanlara.
O baxımdan da, yenə qeyd edirəm, təbii ki, Azərbaycan Dəmir Yollarının fəaliyyəti qənaətbəxş deyil, qətiyyən deyil. Bunun xəstəsi var, xeyirinə, şər yerinə gedib-gələni var, tələbəsi var, bunun iş adamı var, bu adamlar niyə əziyyət çəkməlidir axı? Niyə, məsələn, deyək, 25–30 manatla gedib-gələ biləcəyi yolla təyyarə ilə gedib 300–500 manat pul xərcləməlidir? Yəni vətəndaşı da başa düşmək lazımdır.
Amma çıxış yolları var və kifayət qədər var. Və çox da qəliz-filan deyil. Yəni bu məsələlər, məsələn, bu məsələləri iki günə qaydasına qoymaq olar. İki günə, üç günə maksimal şəkildə qaydasına qoymaq olar”.
//Gülnarə Abasova, Editor.az

