Rusiya Türkiyədən mövqeyini dəyişməyi gözləyir: Ankara hansı addımı atacaq?backend

Rusiya Türkiyədən mövqeyini dəyişməyi gözləyir: Ankara hansı addımı atacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə Türkiyənin həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruyan balanslaşdırılmış siyasəti Ankaranın regional proseslərdəki rolunu daha da aktuallaşdırır. Xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin olunması, gəmiçiliyin qorunması və tərəflər arasında diplomatik kanalların açıq saxlanılması Türkiyənin vasitəçilik imkanları baxımından mühüm əhəmiyyət daşıyır. Moskvanın Ankaranın Ukraynaya münasibəti ilə bağlı tənqidləri isə Türkiyənin bu balansı qorumasını daha mürəkkəb geosiyasi vəziyyət qarşısında qoyur.

Politoloq Züriyə Qarayeva Editor.az-a açıqlamasında bildirib ki, Türkiyənin mövcud şəraitdə Ukraynaya qarşı daha sərt mövqe nümayiş etdirməsindən çox, Rusiya və Ukrayna ilə dialoq imkanlarını qoruyan balanslaşdırılmış siyasəti davam etdirməsi daha məqsədəuyğundur:

“Ankara bir tərəfdən NATO üzvü kimi Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, digər tərəfdən isə Rusiya ilə enerji, ticarət və regional təhlükəsizlik sahələrində mühüm əlaqələrə malikdir. Məhz bu ikili münasibətlər Türkiyəyə müharibənin əvvəlindən etibarən tərəflərlə danışa bilən azsaylı aktorlardan biri olmaq imkanı verib. Lavrovun tənqidləri Moskvanın Ankaradan öz mövqeyinə daha yaxın siyasət gözlədiyini göstərsə də, Türkiyənin bu istiqamətdə ciddi dönüş etməsi onun vasitəçilik imkanlarını zəiflədə bilər.

Qara dənizdə gəmiçilik və limanların təhlükəsizliyi isə ayrıca əməkdaşlıq tələb edən məsələdir. Türkiyə Montrö Konvensiyasının verdiyi hüquqi imkanlarla yanaşı, Rusiya və Ukrayna ilə birbaşa əlaqələrindən istifadə edərək dənizdə eskalasiyanın qarşısının alınmasında mühüm rol oynaya bilər. Ankara üçün optimal xətt Rusiyanın bütün tələblərini qəbul etmək və ya Ukraynaya qarşı mövqe tutmaq deyil, hər iki tərəfi mülki gəmiçiliyə və kritik infrastruktura hücumların məhdudlaşdırılması üzrə konkret razılaşmaya gətirməkdir. Belə bir mexanizmin əldə olunması gələcəkdə daha geniş atəşkəs danışıqları üçün də etimad yarada bilər. Bu baxımdan Türkiyənin əsas üstünlüyü tərəflərdən birinin yanında dayanmasında deyil, hər ikisi ilə işləyə bilən diplomatik kanal olaraq qalmasındadır”.

//Gülnarə Abasova, Editor.az