“Heroes” serialında Kler Bennet obrazı ilə məşhurlaşan amerikalı aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
Musavat.com xəbər verir ki, aktrisanın ölüm xəbərini atası Skip Panettiere təsdiqləyib.
O, ailə adından yaydığı açıqlamada qızının ölümündən dərin kədər hissi keçirdiklərini bildirib və ictimaiyyətdən ailəyə bu ağır günlərdə məxfilik göstərməsini xahiş edib.
“Sevimli Haydenimizin faciəli ölümünü dərin kədərlə bölüşürük. O, inanılmaz bir işıq və təbiət qüvvəsi idi və onu tanıyan hər kəsə, eləcə də onu ekranda izləyən milyonlarla insana ölçüyəgəlməz sevgi və sevinc bəxş etdi”, – deyə Skip Panettiere deyib.
Hayden Panettierenin ölümünün dəqiq səbəbi hələlik rəsmi şəkildə açıqlanmayıb. Yerli hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırma apardığı bildirilir.
Mətbuatda yayılan məlumatlara görə, aktrisa ölümündən əvvəl bel ağrısından şikayət edib. Həmçinin onun keçmiş sevgilisi Brayan Hikersonun hadisədən qısa müddət əvvəl, şənbə günü Los-Ancelesdən uçduğu bildirilib. Bu məlumatların aktrisanın ölüm səbəbi ilə bağlı rəsmi təsdiqi yoxdur.
Karyerasına uşaq yaşlarında başlayan Hayden Panettiere “Titanları xatırla” filmi ilə tanınıb. Lakin ona dünya şöhrəti qazandıran əsas rol “Heroes” serialındakı Kler Bennet obrazı olub.
Aktrisa daha sonra “Nashville” serialında kantri müğənnisi Cülyetta Barns obrazını canlandırıb. O, “Scream” serialında Kirbi Rid rolu ilə də tamaşaçıların yaddaşında qalıb.
Panettiere video oyun dünyasında da tanınırdı. O, “Until Dawn” oyununda Sem Giddinq obrazını səsləndirib.
Hayden Panettiere şəxsi həyatında da bir sıra ağır sınaqlardan keçib. Onun ukraynalı keçmiş boksçu Vladimir Kliçko ilə münasibətindən Kaya adlı 11 yaşlı qızı var.
Aktrisa 2023-cü ildə 28 yaşlı qardaşı Yansen Panettierenin qəfil ölümü ilə sarsılıb.
Keçən may ayında yayımlanan “This Is Me: A Reckoning” adlı xatirələrində isə Panettiere uşaqlıq şöhrətinin yaratdığı təzyiq, asılılıq, depressiya və qızı ilə münasibətləri barədə səmimi danışıb.
Hayden Panettierenin ölümü ilə bağlı araşdırmanın nəticələri və rəsmi ölüm səbəbinin yaxın günlərdə açıqlanması gözlənilir.

