Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı sərt açıqlamaları ciddi narahatlığa səbəb olub.
Analitiklərin fikrincə, bu, Kremlin seçki öncəsi İrəvana təzyiqidir. Hətta bu yolla seçicilərin səslərinin Rusiya yönümlü müxalifətə yönləndirilməsinin hədəfləndiyi də deyilir. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdə qalib gələcəyi halda, Rusiyanın bu ölkəyə hərbi müdaxiləsinin gözlənildiyi iddia olunur.
Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov bildirib ki, Rusiya əlinə fürsət düşən kimi Paşinyanın yerinə başqa birisini gətirmək üçün əməli addımlar atacaq:
“Hazırda Paşinyan yaxşı qorunur. O, fiziki təminat altındadır. Lakin dünyadakı proseslər dinamikdir, dəyişkəndir. Sabah başqa imkanlar yaransa, vəziyyət də buna uyğun dəyişəcək.

Zaur Məmmədov
7 iyunda Ermənistan xalqı öz qərarını verməlidir. Əslində, bu seçkilər xalqın Avropa ilə Rusiya arasında seçim etməsi deməkdir. Moldova və Ukraynadan sonra faktiki olaraq Ermənistanda da bunun şahidi oluruq.
Həmçinin seçkilərdə Ermənistan xalqı ya Azərbaycanla sülhün əldə olunmasına, ya da keçmiş münaqişəyə qayıdışa səs vermiş olacaq”.


