İran Prezidenti: “Nüvə silahı əldə etməyə çalışmırıq”backend

İran Prezidenti: “Nüvə silahı əldə etməyə çalışmırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsud Pezeşkian bildirib ki, İranın nüvə silahı istehsal etmək niyyəti yoxdur və rəsmi Tehran bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə təminat verməyə hazırdır.

Editor.az xəbər verir ki, İran dövlət televiziyasına müsahibə verən Pezeşkian vurğulayıb ki, ölkəsi regionda sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Onun sözlərinə görə, buna baxmayaraq, İsrail bölgədə gərginliyin davam etməsi üçün müxtəlif addımlar atır və “Böyük İsrail” ideyasını həyata keçirməyə çalışır.

İran prezidenti qeyd edib ki, Tehran nüvə silahı əldə etmək niyyətində deyil: “Dünyaya nüvə silahı ardınca olmadığımız barədə təminat verməyə hazırıq”.

Bununla yanaşı, Pezeşkian əlavə edib ki, İranın danışıqlar heyəti ölkənin milli maraqları, şərəfi və ləyaqəti məsələsində heç bir geri addım atmayacaq.

Son dövrlərdə İranın nüvə proqramı ətrafında beynəlxalq müzakirələr yenidən intensivləşib. ABŞ və Qərb ölkələri Tehranı nüvə fəaliyyətləri ilə bağlı daha şəffaf olmağa çağırsa da, İran rəhbərliyi proqramın yalnız dinc məqsədlər daşıdığını bildirir.  

//Gülnarə Abasova, Editor.az