Sosial şəbəkələrdə və bir sıra erməni platformalarında Ermənistan hakimiyyətinin dəyişdirilməsi ilə bağlı olduğu iddia edilən geniş sənəd paketi yayılıb. Materiallarda 2026-cı il parlament seçkiləri ərəfəsində Nikol Paşinyana qarşı siyasi və media kampaniyasının detalları əks olunub.
Musavat.com xəbər verir ki, sızdırıldığı deyilən sənədlərdə “Ana Ermənistan” blokunun əsas platformalardan biri kimi göstərildiyi, müxtəlif media resurslarının, Telegram kanallarının, YouTube və Facebook səhifələrinin koordinasiyalı şəkildə istifadə olunmasının planlaşdırıldığı qeyd olunur.
Materiallarda aşağıdakı media resurslarının adı çəkilir:
7or.am
Zham.am
Politik.am
Hayeli.am
Aravot.am
Oragir.am
News.am və digərləri.
Sənədlərdə həmçinin müxtəlif Telegram kanalları və sosial media səhifələrinin auditoriyaları barədə rəqəmlər təqdim edilir. Burada “5-ci kanal Ermənistan”, “Past” qəzeti və bir sıra erməni xəbər saytlarının kampaniyada istifadə ediləcəyi iddia olunur.
Yayılan materiallarda “liderlər və rəy formalaşdıran şəxslər” bölməsi də yer alır. Siyahıda Stepan Danielyan, Boris Murazi, Artur Paronyan, Yervand Bozoyan, Samvel Akopyan və digər şəxslərin adları keçir.
Sənədlərin digər hissəsində Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün mümkün ssenarilər təsvir olunur. Orada:
daxili hakimiyyət çevrilişi,
Paşinyanın istefası və müvəqqəti hökumətin yaradılması,
impiçment prosesi,
növbədənkənar seçkilər kimi variantlar qeyd edilir.
Mətnlərdə Robert Köçəryan və Serj Sarkisyanın yüksək antireytinqə malik olduqları, buna görə də “yeni siyasi ağırlıq mərkəzi” yaradılmasının vacibliyi vurğulanır. Sənəddə bu rol üçün “Ana Ermənistan” blokunun və iş adamı Samvel Karapetyanın adı çəkilir.
Yayılan sənədlərdə Gürcüstanda Bidzina İvanişvilinin hakimiyyətə gəlişi nümunə göstərilir, Ermənistanda isə “neytral və mənfi imici olmayan yeni fiqur” üzərində siyasi layihənin qurulmasının zəruriliyi qeyd olunur.
Bundan əlavə, sənədlərdə:
imza toplama kampaniyaları,
gənclərlə iş,
etiraz aksiyaları,
regional qərargahların açılması,
Rusiyanın regionları ilə əlaqələrin genişləndirilməsi,
Ermənistan-Rusiya iqtisadi və mədəni əlaqələrinin gücləndirilməsi kimi fəaliyyət istiqamətləri sadalanır.
Materiallarda həmçinin Ermənistan daxilində “neytral imicə malik media” ilə əməkdaşlıq, gündəlik operativ qrupların yaradılması və sosial şəbəkələrdə koordinasiyalı fəaliyyət planlarından bəhs olunur.
Musavat.com


