WUF13: Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq dünyaya nümayiş olundubackend

WUF13: Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq dünyaya nümayiş olundu  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın dayanıqlı inkişaf, müasir şəhərsalma və postmünaqişə dövründə yenidənqurma sahəsində əldə etdiyi uğurların beynəlxalq səviyyədə nümayişi baxımından mühüm platformaya çevrildi. Forum çərçivəsində xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri iştirakçıların diqqətini cəlb etdi, Azərbaycanın tətbiq etdiyi “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarına marağın artdığı aydın şəkildə müşahidə olundu. Tədbir eyni zamanda ölkəmizin beynəlxalq tərəfdaşlıq imkanlarının genişlənməsi və gələcək investisiya perspektivlərinin möhkəmlənməsi baxımından da əhəmiyyətli oldu.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, WUF13 çərçivəsində ekoloji dayanıqlılıq və innovativ şəhər idarəçiliyi əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxıb:

“Müasir dünyada dayanıqlı inkişafın əsasını ekoloji balansın qorunması və innovativ idarəetmə prinsiplərinə söykənən düzgün şəhərsalma siyasəti təşkil edir. Bu gün müstəqil Azərbaycan həm beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəni layihələrin keçirildiyi mühüm məkan, həm də müasir urbanizasiya tendensiyalarının formalaşdığı strateji mərkəzə çevrilib. Bu baxımdan, Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və artan siyasi çəkisinin növbəti mühüm göstəricisidir.

Azərbaycan qlobal şəhərsalma proseslərini daim diqqət mərkəzində saxlayan ölkə kimi bu sahədə yalnız nəzəri konsepsiyalarla çıxış etmir, eyni zamanda innovativ yanaşmaları praktik müstəvidə uğurla tətbiq edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri miqyasına, əhatə dairəsinə və icra sürətinə görə dünya səviyyəsində nadir nümunələrdən hesab olunur. Bu mənada, Bakıda keçirilən WUF13 Azərbaycanın formalaşdırdığı müasir şəhərsalma konsepsiyasının, eləcə də işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən unikal bərpa modelinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm platforma rolunu oynadı”.

Millət vəkilinin sözlərinə görə, WUF13 Azərbaycan üçün yalnız beynəlxalq tədbir deyil, həm də gələcəyin şəhər modeli ilə bağlı ölkəmizin baxışlarını nümayiş etdirmək üçün mühüm imkan oldu:

“Bu tədbir Azərbaycanın şəhərsalma, memarlıq, urbanizasiya və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı yanaşmaları beynəlxalq ictimaiyyətə təqdim etməsi baxımından mühüm platformaya çevrildi. Forum çərçivəsində yalnız binalar, yollar və infrastruktur məsələləri deyil, şəhərlərin gələcəyi, insanların yaşayış keyfiyyəti, mənzil siyasəti, ekologiya, nəqliyyat, sosial ədalət və texnologiyanın şəhər həyatına təsiri kimi aktual mövzular da geniş müzakirə olundu”.

//Gülnarə Abasova, Editor.az