“Rus icması” tamaşasının sonu: Pərdə bağlanır, hərbi əməliyyatların anonsu…backend

“Rus icması” tamaşasının sonu: Pərdə bağlanır, hərbi əməliyyatların anonsu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin son davranışları sülhə hesablanmayıb, açıq-aydın görünür. Düzdür, baş nazir Nikol Paşinyan hökumətin 15 fevral iclasında deyib ki, İrəvan Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib, amma nə olsun? Ermənistanın davranışları, rəsmilərin açıqlamaları heç də sülhə aparmır…

 

Bundan əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldıqlarını bildirmişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın zamanda təhvil verəcək. Qriqoryan başqa nə demişdi? Xatırladaq. Demişdi ki, Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəa daxil edilib. Bundan sonra nə sülh, hansı sülh?! Ermənistan kor tutduğunu buraxmadığı kimi, Azərbaycan ərazisinə burun soxmaqda davam edəcəklərsə, onda masaya oturmağın heç bir mənası qalmır.

Təsadüfi deyil ki, Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın destruktiv mövqeyinə sərt və arqumentli cavab verib. Sitat: “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar prosesinə maneçilik yaradan bu kimi manipulyasiyaları Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh sazişi üzrə danışıqlar prosesində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü və bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq”.

Durum belədir, Ermənistan “sülh nağılı” danışır, Paşinyan özünü “sülh göyərçini” kimi təqdim edir, amma iblisanə mövqedən əl çəkmir erməni rəsmilər. Üstəlik, Laçın yolunda artıq üçüncü aydır davam edən dinc aksiyaya qarşı da qarayaxma kampaniyasını davam etdirdilər. Azərbaycan səbirlə torpaqlarındakı erməni terrorçuların, 10 minədək silahlıların, hərbi texnikanın rədd edilməsini gözləyir, talan olunmuş mədənlərdə monitorinq aparılmasına şərait yaradılmasını istəyir, buna görə Azərbaycan dövlətinin ayağının altına baş qoyub, üzrxahlıq etməkdənsə, dərhal cəhənnəm olub getmələri üçün imkan yaradılması üçün yalvarmaqdansa, tələblər qoyurlar, beynəlxalq aləmdə “hədəfə çatdıqları” haqda miflər uydudururlar.

Bu yandan da Ruben Vardanyan oyunu…Əvvəl Araik Arutyunyanı, ardınca Vardanyanı Moskvaya çağırıb qulağına nələrsə pıçıldayanlar Azərbaycanın heysiyyatı ilə oynayırlar. Belə bir durumda nə sülh?! Rusiya da öz ssenarisini tamaşaya qoyub bu aralar. Necə olur Ruben Rusiya vətəndaşlığını özünə yaraşdırmır, imtina edir, Rusiyanı darda qoyub qaçır, amma sonra onu “bəh-bəh”lə Moskvaya çağırırlar? Bu qədər iyrənc oyun oynamaq bir dövlət adına yaraşan iş deyil! Bilirik ki, Rusiya Vardanyanı Ermənistanın başına keçirmək istəyir, amma forpostu ilə nə oyun oynayırsa, özü bilsin, Azərbaycanı bura qatmasın! Bizim ölkə poliqon deyil!

Rusiyanın baş diplomatı Sergey Lavrov da Ermənistanın 7 rayonu işğal etdiyini açıqladıqdan sonra Bakıya səfərə hazırlaşır. Nə ilə? Hansı təkliflə? Masada sənəd var, 10 noyabr 2020-ci il sənədi, əməl olunmalıdır, başqa burcutmağa yeri yoxdur!

Rusiyadan aldığı təlimatların ardınca Araik Arutyunyan Qarabağda “seçkilər”lə bağlı “fərman” imzaladı, hərbi vəziyyətdə “prezident səlahiyyətləri”nin Vardanyana ötürülməsini nəzərdə tutan növbəti oyunbazlığa başladı. Ardınca da Qarabağda növbəti dəfə “qaz kəsildi” şousuna başladı Vardanyan. Gündə bir neçə dəfə “qaz gəldi”, “qaz kəsildi” şousunu qururlar, meymunluq edirlər.

Bütün bunlar sülhə yer qoymur, Ermənistan və Qarabağ separatçı-terrorçu rejimi qana çəkir prosesləri!

Bu arada Qarabağdakı Rusiya vətəndaşlarının növbəti partiyasının bölgədən çıxarılması sıradan məsələ deyil. Son olaraq 15 fevralda 47 Rusiya vətəndaşı Qarabağdan yola salınıb. Bəli, bu, həm də Laçın yolunun bağlı olmadığının növbəti təsdiqidir. Laçın yolu ilə, üzü Ermənistana, oradan da Rusiyaya…Yanvarın 18-də də 63 Rusiya vətəndaşı Qarabağdan çıxarılmışdı.

Vardanyanın Qarabağa göndərilməsi ilə bir proses işə salınmışdı: “Qarabağda rus icması” oyunu…Mərkəzlər açırdılar, guya ki, Qarabağda ruslar yaşayır, görüntüsünü yaratmağa çalışırdılar, Azərbaycan güc yolu ilə suverenliyini bərpa etmək istəyər deyə, “bufer zona” yaradırdılar…Amma baxdılar ki, bu oyunbazlıq baş tutmayacaq və dövlətimiz qətiyyətlidir, Xankəndi və digər ərazilərdə Azərbaycan bayağının dalğalanmasını alternativi yoxdur! İstisna deyil ki, artıq antiterror əməliyyatı barədə xəbərdarlıq edilib Rusiyaya. Odur ki, rus ailələr bölgədən çıxarılır, “rus icması” tamaşasında pərdələr bağlanır…

Yeri gəlmişkən, Xankəndi yolundakı aksiyaya Azərbaycandakı Rus İcması da qoşulub və rus hərbçilərin anladığı dildə onlara xitab edirlər…

Elşad Paşasoy

Musavat.com