Rusiya İrəvana ultimatum verdi: Ermənistanın taleyi Bakının qərarından asılıdırbackend

Rusiya İrəvana ultimatum verdi: Ermənistanın taleyi Bakının qərarından asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın geosiyasi seçim qarşısında qaldığı bir mərhələdə Moskvanın sərt mesajları regionda yeni siyasi balans axtarışlarının başladığını göstərir. Rusiya İrəvanın Qərbə yaxınlaşmasını iqtisadi və strateji rıçaqlarla əngəlləməyə çalışarkən, prosesin yekun nəticəsi təkcə Ermənistanın daxili siyasətindən deyil, həm də Cənubi Qafqazda formalaşan yeni reallıqlardan asılı olacaq. Mövcud şəraitdə Azərbaycan və Türkiyənin regional təsir imkanları daha da ön plana çıxır.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiyanın təzyiqlərinin artması gözlənilən idi:

“Rusiya Təhlükəsizlik Şurasının katibi vasitəsilə Ermənistana mümkün bütün təzyiq mexanizmləri bir daha xatırladıldı. Əslində, Ermənistan üçün bu cür təzyiqlərlə üzləşmək ciddi strateji risk yaradır. Paşinyanın Avropa İttifaqı ilə əməkdaşlıq niyyətini anlamaq mümkündür. Lakin o da yaxşı bilir ki, Rusiya ilə Aİ arasında dərin qarşıdurma mövcuddur. Buna görə də Moskvanın Ermənistanın Aİ ilə yaxınlaşmasına hansı sərt addımlarla cavab verəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Rusiya Ermənistanın Ukrayna ssenarisi üzrə hərəkət etməsinə imkan verməz. Ermənistan ikinci Ukrayna ola bilməsə də, Moskva üçün müəyyən problemlər yarada bilər. Elə buna görə də Rusiya əsasən hərbi deyil, iqtisadi təzyiq vasitələrini önə çıxarır.

Ermənistanın bu vəziyyətdən çıxış üçün əsas yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Görünən budur ki, Paşinyan da bunu anlayır. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara biləcək əsas regional güclər Azərbaycan və Türkiyədir. Bu halda Moskvanın təzyiqlərinin böyük hissəsi neytrallaşa bilər. Avropa İttifaqı da mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlı olacaq. Hesab edirəm ki, Ermənistan gələcəkdə Aİ ilə daha dərin inteqrasiya kursu seçə bilər.

Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət istiqamətini dəyişərək Rusiyaya qarşı alətə çevirməsi də ciddi nəticə verməyəcək. Burada əsas rol Azərbaycana məxsusdur. Azərbaycan istəsə, Ermənistanın Aİ ilə daha dərin münasibətlər qurması mümkün olar, istəməsə heç bir xarici qüvvə Ermənistanı Rusiyadan uzaqlaşdıraraq Qərblə yaxınlaşdıra bilməz. Əks halda, Rusiyanın səsləndirdiyi təzyiqlər Ermənistan rəhbərliyinin yenidən Rusiyayönlü siyasətə qayıtması üçün kifayət edə bilər”.

 

//Gülnarə Abasova, Editor.az