Alzheimer xəstəliyinin yaşa bağlı beş əlaməti müəyyən edilibbackend

Alzheimer xəstəliyinin yaşa bağlı beş əlaməti müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alzheimer xəstəliyinin bir çox erkən simptomları meydana çıxdıqda tibbi müdaxilə tələb etsə də, əksər hallarda sadəcə qocalmanın təbii nəticəsi kimi qiymətləndirilir. Bu əlamətlərə yeni və yaxın keçmiş hadisələri unutmaq, maraq dairəsinin daralması, depressiya, neqativ düşüncə tərzi və yeni texnologiyalara uyğunlaşmaqda çətinlik daxildir.

Editor.az xəbər verir ki, bu barədə Pirogov Universitetinin Yaşlanma Xəstəlikləri Bölməsinin dosenti, həmçinin Rusiya Gerontologiya Araşdırma və Klinik Mərkəzinin Nörogeriatriya Laboratoriyasının aparıcı elmi işçisi, nevroloq Maria Çerdak müsahibəsində məlumat verib.

Həkimin sözlərinə görə, ilk narahatedici əlamət yeni və yaxın zamanda baş verən hadisələrlə bağlı yaddaş itkisidir. Yaş artdıqca zehni proseslərin ləngiməsi normal hesab olunsa da, insan əvvəllər xatırladığı məlumatları tamamilə unutmamalıdır. Əgər yaşlı şəxs bir gün əvvəl nə etdiyini xatırlamırsa, eyni hekayəni dəfələrlə təkrarlayırsa və ya eyni sualları davamlı olaraq verirsə, bu, həkimə müraciət üçün ciddi siqnaldır.

İkinci təhlükəli əlamət maraq dairəsinin və gündəlik aktivliyin azalmasıdır. Çerdak bildirib ki, yaşlılıq çox vaxt geriləmə dövrü kimi qəbul edilir və gündəlik fəaliyyətin azalması normal sayılır. Halbuki, əvvəllər zövq alınan məşğuliyyətlərə marağın itməsi və könüllü sosial təcrid bəzən ciddi yaddaş problemlərindən bir neçə il əvvəl özünü göstərə bilər.

Digər mühüm əlamətlərdən biri əhvalın aşağı düşməsi və depressiyadır. Xüsusilə əvvəllər müşahidə olunmayan kədər, melanxoliya və ya səbəbsiz narahatlıq ailə üzvləri və yaxın çevrə üçün xəbərdarlıq siqnalı olmalıdır. Depressiya həm demensiyaya səbəb olan xəstəliklərin tərkib hissəsi ola, həm də mövcud idrak pozuntularını sürətləndirə bilər.

Mütəxəssis həmçinin bildirib ki, insanın həddindən artıq neqativləşməsi, hər kəsin ona qarşı olduğunu düşünməsi və şübhəçi davranışlar sərgiləməsi də diqqətdən kənarda qalmamalıdır. Hətta belə hallar real dələduzluq hadisəsindən sonra yaransa belə, yenə də xəbərdaredici əlamət hesab oluna bilər.

Beşinci əlamət isə yeni telefon və ya digər texnoloji cihazlardan istifadəni öyrənə bilməməkdir. Bəzi yaşlı insanlar üçün yeni cihazlara uyğunlaşmaq çətin olsa da, əgər şəxs əvvəllər oxşar texnologiyalardan istifadə edib və indi sadə yeniliklərə belə uyğunlaşa bilmirsə, yaxud bir zamanlar yaxşı bildiyi cihazlardan istifadə bacarığını tədricən itirirsə, bu, ciddi narahatlıq doğurmalıdır.

//Gülnarə Abasova, Editor.az