Ruslar Gürcüstana qaçır-Sərhədi velosipedlə keçirlərbackend

Ruslar Gürcüstana qaçır-Sərhədi velosipedlə keçirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərlikdən sonra cəbhəyə getmək istəməyən ruslar qonşu ölkələrə qaçmaqda davam edir. Vizasız tranzit və yaxınlığına görə rusların ən çox üz tutduğu ölkə isə Gürcüstandır. Bu səbəblə Gürcüstan-Rusiya sərhədində uzun müddətdir ki, sıxlıq yaşanır. Yuxarı Lars Sərhəd Qapısında kilometrlərlə avtomobil olduğu üçün saatlarla növbə gözləmək istəməyənlər sərhədi velosipedlə və ya piyada keçirlər.

Editor.az xarici mediaya istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada, son 10 gündə 78 min 742 Rusiya vətəndaşının Gürcüstana daxil olduğu, 62 min 120 Rusiya vətəndaşının isə Gürcüstanı tərk etdiyi bildirilib.

Gürcüstan müxalifəti isə hökuməti Gürcüstan ərazisinin 20 faizini işğal edən düşmən ölkənin vətəndaşlarını qarşılamaqda günahlandıraraq 200 mindən çox Rusiya vətəndaşının Gürcüstanda məskunlaşdığını və bunun ciddi demoqrafik dəyişikliyə səbəb olduğunu iddia edir.

2019-cu ildə Tbilisidə keçirilən anti-Rusiya etirazlarından sonra Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslər dayandırılıb, ona görə də o vaxtdan bəri ölkələr arasında yeganə birbaşa nəqliyyat Yuxarı Lars şossesi vasitəsilə həyata keçirilib.

Velosipedlə və ya piyada sərhədi keçən rusları qarşılayan mikroavtobus və taksi sürücüləri gürcü larisi olmayan ruslardan 5-6 dəfə baha qiymət tələb etməklə böhranı fürsətə çevirərək onları paytaxta və digər böyük şəhərlərə aparıblar. Ruslar Tbilisiyə getmək üçün 3 min rubl ödəyirlər.

//Safura Bənnayeva, Editor.az