Sətəlcəm özünü belə gizlədir: Çoxlarının fikir vermədiyi əlamətlər AÇIQLANDIbackend

Sətəlcəm özünü belə gizlədir: Çoxlarının fikir vermədiyi əlamətlər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 12-də qeyd olunan Ümumdünya Pnevmoniya Günü ilə əlaqədar sətəlcəmin yaratdığı təhlükələr bir daha gündəmə gəlib. Ağciyərləri zədələyən və bəzi hallarda həyati risk yarada bilən bu xəstəlik xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün ciddi təhlükə hesab olunur. Mütəxəssislər bildirirlər ki, xəstəliyin vaxtında aşkarlanması ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

Sinə xəstəlikləri üzrə mütəxəssis, həkim Abdurrahman Kotan pnevmoniyanın əlamətləri, risk qrupları və qorunma yolları ilə bağlı mühüm açıqlamalar verib. Onun sözlərinə görə, xəstəliyə qarşı diqqətli olmaq xüsusilə 65 yaşdan yuxarı şəxslər və müxtəlif xroniki xəstəlikləri olan insanlar üçün vacibdir.

Sətəlcəm ağciyərlərdə hansı dəyişikliklərə səbəb olur?

Həkim qeyd edib ki, pnevmoniya ağciyərlərdə yerləşən hava kisəciklərinin iltihablaşması nəticəsində yaranır. Xəstəliyin inkişafına əsasən bakteriya və viruslar səbəb olur. Müalicə gecikdirildikdə isə sağlamlıq üçün ciddi fəsadlar meydana çıxa bilər.

Bəzən xəstəliyin əlamətləri heç də aydın olmur

Abdurrahman Kotanın sözlərinə görə, sətəlcəm zamanı ən çox rast gəlinən əlamətlər yüksək hərarət, üşütmə, bəlğəm, öskürək, nəfəs darlığı və nəfəs alarkən güclənən sinə ağrısıdır.

Lakin diqqət çəkən məqamlardan biri də odur ki, yaşlı insanlarda xəstəlik həmişə özünü klassik əlamətlərlə büruzə vermir. Belə şəxslərdə halsızlıq, iştahanın azalması və şüur vəziyyətində dəyişikliklər daha qabarıq müşahidə oluna bilər.

Həkim xüsusilə 65 yaşdan yuxarı insanları, KOAH, ürək xəstəlikləri və diabetdən əziyyət çəkənləri risk qrupuna daxil edib. Siqaret çəkənlər və immun sistemi zəifləmiş şəxslər də pnevmoniyaya qarşı daha diqqətli olmalıdırlar.

Bu əlamətlər varsa, gözləmək təhlükəli ola bilər

Mütəxəssis xəbərdarlıq edib ki, pnevmoniyaya işarə edən simptomlar yarandıqda vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək lazımdır.

Xüsusilə nəfəs darlığı, bir neçə gün davam edən yüksək hərarət və dodaqlarda göyərmə kimi hallar ciddi təhlükə siqnalı hesab olunur.

Abdurrahman Kotan antibiotiklərin özbaşına qəbul edilməsinin düzgün olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu preparatlarla müalicəyə yalnız həkim müayinəsindən və qiymətləndirməsindən sonra başlanmalıdır.

Sətəlcəmdən qorunmaq üçün nə etmək lazımdır?

Həkim xəstəlikdən qorunmaq üçün pnevmokok və qripə qarşı peyvəndlərin əhəmiyyətini xüsusi qeyd edib. Bununla yanaşı, siqaretdən imtina etmək və əllərin gigiyenasına diqqət yetirmək də qoruyucu tədbirlər sırasındadır.

Risk qrupuna daxil olan şəxslərə isə peyvəndləmə ilə bağlı həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.

\\ Aydan Bünyatova, Editor.az