İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrailin şimal bölgələrinin böyük hissəsində, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan edilib. Hava hücumundan müdafiə sistemləri raketlərin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.
Daha sonra İsrail ordusu İran tərəfindən buraxılan bütün raketlərin ələ keçirildiyini açıqlayıb. Bununla yanaşı, yeni raket buraxılışlarının da qeydə alındığı bildirilib.
İsrailin dövlət teleradio şirkəti “Kan” hökumət rəsmilərinə istinadən Təl-Əvivin hücuma cavab verməyə hazırlaşdığını xəbər verib.
“Biz İranın raket buraxılışlarına cavab verəcəyik”, – deyə İsrail rəsmilərinin sözləri sitat gətirilib.
İran tərəfi isə hücumun İsrailə xəbərdarlıq xarakteri daşıdığını bəyan edib.
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzai bildirib ki, raket zərbələri İsrailin Livana hücumlarını dayandırması üçün xəbərdarlıq məqsədi daşıyır.
“Bu cavab onların cinayətlərini dayandırmaları üçün xəbərdarlıqdır”, – deyə o qeyd edib.
İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi də İsraili Livanın cənubuna və Beyrutun Dahiyə bölgəsinə endirdiyi zərbələri dayandırmağa çağırıb.
O bildirib ki, İsrail hücumlarını genişləndirərsə və ya İranın addımlarına cavab verərsə, daha güclü və dağıdıcı zərbələrlə üzləşəcək. Həmçinin İsrailin regiondakı müttəfiqlərinin də hədəfə çevrilə biləcəyi vurğulanıb.


