Türkiyə Qazaxıstanla bağlı məsələdə hansı mövqe tutacaq?-Türkiyəli tarixçi Editor.az-a şərh edirbackend

Türkiyə Qazaxıstanla bağlı məsələdə hansı mövqe tutacaq?-Türkiyəli tarixçi Editor.az-a şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər Qazaxıstanda baş verənlər öz-özlüyündə iqtisadi, geoloji, sosioloji və siyasi baxımdan müxtəlif məqamları əks etdirir. Bir növ “Neft olan yerdə çaşqınlıq olar” məsəlini yada salır. Buna “pay” əldə etmək mübarizəsi kimi baxmaq lazımdır. Tarix boyu ölkələr və qitələr arasında baş verən qarşıdurmalara təsir edən əsas məqamlar mövcud olub. Bu detalları diqqətlə izlədikdə Qazaxıstanda da baş verənləri başa düşmək və ya təsvir etmək çox asan olacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında tanınmış türkiyəli sosioloq-tarixçi İsmayıl Öz deyib.

O, bildirib ki, Qazaxıstanda baş verən hadisələr bir neçə sual ətrafında müzakirə edilməlidir:

“Hadisələri neft, təbii qaz və uran yataqlarını nəzərə almadan qiymətləndirə bilərikmi? Rusiyanın tarix boyu genişlənmə istəkləri ilə müşayiət olunan “haqq” iddialarından ayrı düşünə bilərikmi? Bunu, Qazaxıstanın da daxil olduğu və gələcək üçün çox ciddi potensialı olan Türk Dövlətləri Təşkilatının Rusiya üçün yaratdığı narahatçılıqdan ayıra bilərikmi?

Bütün bu suallara regional dinamikaya görə cavab axtarıldığında yaşanan qarşıdurmanın çox aydın səbəbləri olduğunu söyləmək mümkün olur. Neftlə zəngin ölkədə hədsiz qiymət artımları, ardınca xalqın etirazları, bu etirazlar nəzərə alındıqdan sonra belə xalq səfərbərliyinin davam etməsi, xalqa məlum olmayan maşınlardan silah paylanması açıq-aşkar təxribatlardan xəbər verir. Yuxarıda qeyd etdiyimiz əsas məsələləri nəzərə alanda bu qarışıqlığın, görünən təxribatçıların arxasında kimin durduğunu təxmin etmək çətin olmamalıdır, hətta görünməz olsalar da…”.

Türkiyəli tarixçi qeyd edib ki, Qazaxıstan prezidenti Tokayevin kömək üçün dərhal KTMT-yə müraciətinin də arxasında bir neçə məqam dayanır:

“Prezidentin Milli qüvvələrin gücünü sınamadan belə bir dəstək istəməsi öz qüvvələrinə olan inamsızlığın nəticəsi idi, yoxsa Rusiyanın arzularına qapı açmaqmı? Təbii ki, bunu zaman göstərəcək. Yeni düzən arxasınca gedənlərin yeni oyun qurmağa çalışdıqları açıq-aydın görünür. Sonrakı dövrdə bu oyunu pozmaq üçün Türk Dövlətləri Təşkilatı da ciddi sınaqdan keçəcək”.

İsmayıl Öz bildirib ki, Rusiya ilə çox ciddi əlaqələri olan Türkiyə digər problemli mövzularda olduğu kimi bu məsələdə də həlledici məqamda öz dəstəyini təqdim edəcək: “Hesab edirəm ki, Türkiyənin diplomatik keçmişi bunu aradan qaldırmaq üçün kifayət qədər təcrübədən keçib”.

Sosioloq qeyd edib ki, indi ən vacib məsələ Qazaxıstanda yeni düzənin necə qurulacağına kimin qərar verəcəyidir: “Bu nöqtədə Qazaxıstanın kimin yanında olması və daxili vəziyyətinə hansı əsas qüvvələrin hakim olacağı onun öz əlindədir. Daha azad gələcək üçün Rusiya, yoxsa Türk Dövlətləri Təşkilatımı? Qazaxlar verəcəkləri qərarlarla digər qardaş dövlətlərə də güzgü tutmuş olacaqlar”.

//Gülnarə Abasova, Editor.az