WUF-13 fonunda şəhərlərin yaşıl gələcəyi: ekoloji balans necə təmin olunmalıdır?backend

WUF-13 fonunda şəhərlərin yaşıl gələcəyi: ekoloji balans necə təmin olunmalıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

WUF-13 çərçivəsində şəhərlərin gələcək inkişaf modeli müzakirə olunarkən ekoloji davamlılıq xüsusi strateji istiqamət kimi ön plana çıxır. Qlobal urbanizasiya çağırışları fonunda yaşıl zonaların qorunması, enerji səmərəliliyinin artırılması və ətraf mühitin tarazlığının təmin edilməsi şəhər planlaşdırmasının əsas prioritetlərinə çevrilir. Bu baxımdan, şəhərlərin inkişafı ilə ekoloji təhlükəsizlik arasında balansın düzgün qurulması WUF-13 müzakirələrinin əsas mahiyyətini təşkil edir və yeni yanaşmaların formalaşdırılmasını zəruri edir.

Milli Məclisin deputatı Naqif Həmzəyev Editor.az-a açıqlamasında qeyd edib ki, bu sahədə ən səmərəli yanaşma məcburi standartların tətbiqidir, çünki yalnız tövsiyə xarakterli yanaşmalar praktiki nəticə verməkdə zəif olur:

“Yeni tikinti layihələrində “ekoloji pasport” tələbinin tətbiqi, yaşıl zonaların şəhər ərazisinin ən azı 30 faizini təşkil etməsi və karbon neytrallığı hədəflərinin qanunvericilik səviyyəsində təsbit edilməsi əsas prioritetlərdəndir.

Qanunvericilik tənzimləmələri bazar mexanizmləri ilə dəstəklənmədikdə, çox vaxt formal xarakter daşıyır. Bu baxımdan, yaşıl binalara vergi güzəştlərinin tətbiqi, ekoloji standartlara əməl etməyən şirkətlər üçün emissiya haqları və “çirkləndirən ödəyir” prinsipi əsasında müəyyən edilmiş rüsum mexanizmləri effektiv alətlər kimi çıxış edir.

Şəhər planlaşdırılmasında ekoloji yanaşmanın sistemli şəkildə inteqrasiyası da xüsusi önəm daşıyır. Yaşıl infrastruktur şəbəkəsi, parklar, su axınları və ağac örtüyü, şəhər planlamasının ayrılmaz hissəsinə çevrilməli, ənənəvi boz infrastruktur modelindən daha çox təbii əsaslı həllərə, o cümlədən yaşıl damlar və suyun udulmasını təmin edən sahələrə üstünlük verilməlidir.

Bütün bu mexanizmlərin effektivliyi isə ictimai iştirak olmadan tam təmin edilə bilməz. Sakinlərin ekoloji qərarların qəbuluna yalnız məlumatlandırma səviyyəsində deyil, real məşvərət və iştirak mexanizmləri vasitəsilə cəlb olunması vacibdir. Əks halda, qəbul edilən qərarlar praktik təsir gücünü itirərək formal xarakter daşıyır”.

//Gülnarə Abasova, Editor.az